RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV SURİYA ƏRƏB RESPUBLİKASININ XARİCİ İŞLƏR NAZİRİ FARUQ ƏL-ŞƏFA İLƏ GÖRÜŞMÜŞDÜR
Cənab Faruq əl-Şəfa vaxt tapıb onunla görüşməyə razılıq verdiyinə görə Prezident Heydər Əliyevə təşəkkürünü bildirdi. O, 1994-cü il dekabrın 13-14-də Kasablankada İslam Konfransı Təşkilatının VII zirvə toplantısı zamanı Prezident Heydər Əliyev ilə keçirdiyi görüşü məmnunluqla xatırladığını söylədi. Xarici işlər naziri Suriya Ərəb Respublikasının Prezidenti Hafiz əl-Əsədin salamını, hörmət və ehtiramını Azərbaycan Prezidentinə çatdırdı.
Prezident Heydər Əliyev də bu görüşdən məmnun qaldığını və Kasablankada keçirdikləri görüşü yaxşı xatırladığını bildirdi. O, Suriya Ərəb Respublikası Prezidentinin salamını yetirdiyinə görə Faruq əl-Şəfaya təşəkkür etdi və onun da salamını, hörmət və ehtiramını Prezident Hafiz əl-Əsədə çatdırmağı xahiş etdi.