İQTİSADİYYAT
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN MƏLUMATI
TACİS-in EES-5 proqramı çərçivəsində Avropa Ekspert Xidməti xətti ilə Azərbaycan Respublikasının Qiymətli Kağızlar Bazarının inkişafına kömək və hüquqi-normativ bazasının təkmilləşdirilməsi məqsədi ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə texniki yardım göstərilmişdir. Respublikada hazırlanmış qiymətli kağızlar bazarına aid olan bütün hüquqi-normativ sənədlər xarici məsləhətçilər tərəfindən təhlil edilmişdir.
Beynəlxalq standartlar dedikdə İOSCO-nun (Qiymətli Kağızlar üzrə Komissiyaların Beynəlxalq Təşkilatının) normaları, tövsiyələri, qiymətləndirmə və yoxlanılma qaydaları nəzərdə tutulur. Bu zaman 3 prinsipə riayət olunmalıdır: sərmayəçilərin maraqlarının qorunması; bazarların dürüst, effektiv və şəffaf olması üçün təminat və sistem riskinin, yəni uğursuzluqların yaranması riskinin azaldılması.
Öz tövsiyyələrində xarici ekspertlər İOSCO-nun 3 əsas məqsədlərinə nail olmaq üçün qiymətli kağızlar bazarının inkişafına dair münasib və effektiv qanunvericiliklə yanaşı, beynəlxalq standartlara uyğun mühasibat bazasının yaranmasının zəruriliyini də vurğulayırlar.
Proqramın icraçı direktoru T.Levinin QKDK-ya ünvanladığı məktubunda bildirilir ki, Komitə tərəfindən hazırlanmış “Qiymətli Kağızlar haqqında” və “Səhmdar Cəmiyyətlər haqqında” Qanun layihələrinin beynəlxalq standartlara uyğunluğu xarici ekspertlər tərəfindən təsdiqlənmişdir.
Bununla TACİS proqramının Respublikanın qiymətli kağızlar bazarına aid normativ-hüquqi bazasının öyrənilməsi və təhlilini nəzərdə tutan birinci hissəsi başa çatdırılmışdır.
Proqramın ikinci hissəsi Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafının yeni layihəsinin texniki tapşırıqlarının hazırlanmasına həsr edilib. Bu layihə 24 ay ərzində davam etməklə 1 milyon 300 min avro məbləğində qiymətləndirilib, hazırda texniki tapşırığı razılaşdırmaq üçün Brüsseldə yerləşən TACİS proqramının rəhbərliyinə təqdim edilib. Layihənin əsas tədbirlərindən biri qiymətli kağızlar bazarı iştirakçılarının tədrisinin təşkili, bu bazarda effektiv vergilər rejiminin işlənib hazırlanması, yeni vasitə və bazar alətlərinin yaradılmasıdır. Bütün bunlar Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının institusional inkişafına təkan verəcəkdir.