Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu,

Azərbaycanın milli bayramı – Respublika günü münasibətilə ən səmimi və xoş arzularımı qəbul edin.

Bu gün Azərbaycan Respublikası dünya birliyinin digər bərabərhüquqlu üzvləri arasında layiqli yer tutur, beynəlxalq və regional təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı aktual problemlərin həllinə fəal kömək göstərir.

Azərbaycan ilə tarixi dostluq, mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq ənənələri Rusiya üçün misilsiz əhəmiyyət daşıyır. Əminəm ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətləri əsasında bu ənənələrin daha da dərinləşdirilməsi Rusiya və Azərbaycan xalqlarının həyati əhəmiyyəti olan mənafelərinə uyğundur, qarşımızda duran irimiqyaslı sosial-iqtisadi, mədəni və humanitar vəzifələrin yerinə yetirilməsində samballı amildir. Ümidvaram ki, Sankt-Peterburqda keçiriləcək qarşıdakı görüşümüz bu məqsədlərin gerçəkləşdirilməsi yolunda mühüm addım olacaqdır.

İkitərəfli qarşılıqlı əlaqələrin genişləndirilməsinə, münaqişələrin, o cümlədən regional münaqişələrin dinc və ədalətli həlli yollarının axtarışına yönəlmiş daimi siyasi dialoqun davam etdirilməsinə xüsusi əhəmiyyət veririk və bunu Qafqazda sabitliyin qorunub saxlanılmasının təminatı hesab edirik.

Hörmətli Heydər Əlirza oğlu, Sizə cansağlığı və uğurlar, dost Azərbaycan xalqına isə sülh, firavanlıq və çiçəklənmə arzulayıram.

Hörmətlə,

Vladimir Putin

Rusiya Federasiyasının Prezidenti

Moskva, Kreml, 28 may 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin