Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri cənab Prezident,

Dörd il ərzində çalışdığım Türk Silahlı Qüvvələri Komandanı və Baş Qərarğahın rəisi vəzifələrində səlahiyyətlərimə xitam verərək işləri 30 avqust 2002-ci il tarixində indiki Quru Qüvvələri Komandanı, ordu generalı Hilmi Özkökə təhvil verəcəyim barədə Sizə məlumat verməkdən şərəf duyuram.

Səlahiyyət müddətim boyunca iki qardaş ölkənin Silahlı Qüvvələri arasındakı “Bir millət, iki dövlət” anlayışına əsaslanan möhkəm əlaqə və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində göstərdiyiniz qayğı və diqqətə görə Sizə təşəkkür edirəm. İki qardaş ölkənin Silahlı Qüvvələri arasında münasibətlərin yeni Baş Qərargah rəisinin səlahiyyət müddəti dövründə daha da inkişaf edib güclənəcəyinə ürəkdən inanıram.

Zati-alinizin xüsusi olaraq nəzərə çarpdırdığı kimi, Türkiyə və Azərbaycan eyni millətin xalqlarının qurduğu iki qardaş dövlətdir. Xalqlarımız arasında mövcud olan yaxın qardaşlıq, dostluq və tarixi-mədəni bağların əlaqələrimizi daha da inkişaf etdirib gücləndirəcəyinə və xüsusilə iki qardaş ölkə arasında yaranmış bu birliyin regionumuzda və bütün dünyada sülhün bərqərar olmasına təsir göstərəcəyinə olan inamımı bir daha ifadə etmək istəyirəm.

Qardaş Azərbaycanın Zati-alinizin liderliyi altında rifah və əmin-amanlıq içində çiçəklənən bir ölkə olacağına inamım böyükdür.

Keçən il ölkənizə etdiyim ziyarətlə əlaqədar son dərəcə gözəl təəssüratları həmişə xatırlayacağımı və Zati-aliniz tərəfindən mənə təqdim edilmiş “Azərbaycan Bayrağı” və “Şöhrət” ordenlərini həyatımın ən unudulmaz xatirələri arasında ömrümün sonuna qədər mühafizə edəcəyimi bilmənizi istəyirəm.

Bu münasibətlə qardaş Azərbaycan xalqına aydınlıq və rifah dolu bir gələcək, Zati-alinizə cansağlığı, xoşbəxtlik və daha böyük müvəffəqiyyətlər arzu edirəm.

Hörmətlə,

Hüseyn Kıvrıkoğlu

ordu generalı, Türkiyə Silahlı Qüvvələri Baş

Qərargahının rəisi

16 avqust, 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin