Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

O Bir Olan Yaradanın adı ilə!

Möhtərəm cənab Prezident!

Azərbaycan dindarları adından və şəxsən öz adımızdan Sizi – dövlətimizin müdrik rəhbərini, xalqımızın fəxrini və qəhrəman oğlunu qarşıdan gələn böyük bayramlar – Həmrəylik günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, zati-alilərinizə Böyük Yaradandan cansağlığı, uzun ömür və doğma Vətənimizin rihafı naminə gördüyünüz bütün işlərdə uğurlar diləyirik.

Üç dini konfessiya rəhbərinin Sizə birgə müraciəti heç də təsadüfi deyildir. Bizim bir Yaradanımız, bir Vətənimiz və bir Prezidentimiz var, Azərbaycanın sevinci də, kədəri də, qayğıları da birgə məsuliyyətimizdir. Bizim Sizə olan dərin ehtiramımız xüsusilə ondan irəli gəlir ki, əsl ümummilli dövlət xadimi kimi Siz dinindən, dilindən və milliyətindən asılı olmayaraq, bütün vətəndaşlara doğma münasibət bəsləyir, adət-ənənələrimizə hörmətlə yanaşırsınız.

Biz qəlbən inanırıq ki, Azərbaycanın nicatı Ulu Yaradanın qüdrəti ilə bərabər, həm də milli birliyimizdə və vətəndaş həmrəyliyindədir. Bütün bunların təminatçısı və mühafizi isə yalnız Sizin kimi dahi şəxsiyyət və dünya nüfuzlu dövlət rəhbəri ola bilər.

Çox önəmli haldır ki, birliyimiz və həmrəyliyimiz mənəvi dəyərlər üzərində qurulmuşdur. Məhz zati-alilərinizin sayəsində müstəqil Vətənimizdə əsl demokratik prinsiplərə əsaslanan vicdan azadlığı bərqərar olmuşdur və tolerantlıq sahəsində Azərbaycan başqa ölkələrə nümunə göstərir. Milli mentalitetin, mənəvi dəyərlərin, zəngin adət-ənənələrin qorunması və əxlaqi prinsiplərə riayət baxımından respublikamız dövlətlərin bir çoxundan irəlidədir.

Yüz minlərlə dindarlarımız göstərdiyiniz qayğıya görə Sizə daim minnətdardır və əvvəlki dövrlərdə olduğu kimi, Ulu Yaradanın köməyi ilə 2003-cü ildə keçiriləcək Prezident seçkilərində də yalnız Sizi dəstəkləyəcəklər. Çünki Azərbaycanın taleyi Sizin kimi şəxsiyyətin etibarlı əllərində və dəmir iradəsində olmalıdır!

Bu mübarək günlər ərəfəsində xalqımız həmrəylik və sevinc hisslərini yaşayır. Biz din xadimləri də Ulu Yaradana üz tutaraq Azərbaycana əbədi sülh, xalqımıza xeyir-bərəkət diləyirik. Ümidvarıq ki, xalqımız öz müdrik Prezidentinin rəhbərliyi altında torpaqlarımızın bütövlüyünü, dövlətimizin qüdrətini qorumaq əzmini nümayiş etdirəcəkdir. Qarabağda zəfər bayramını Prezidentimiz və Ali Baş Komandanımızla birgə qeyd etmək bizim ən ülvi arzumuzdur.

Möhtərəm cənab Prezident!

Zati-alilərinizi Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni təqvim ili münasibətilə bir daha təbrik edir, Ulu Yaradanın mərhəmətinin Azərbaycan xalqının üzərindən əskik olmaması üçün sidq ürəklə dualar edirik.

Dərin hörmət və ehtiramla,

Şeyxülislam Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri

Aleksandr

Bakı və Xəzəryanı bölgənin yepiskopu

Semyon İxiilov

Dağ yəhudiləri icmasının başçısı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin