Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu!

Əlamətdar hadisə - anadan olmağınızın səksən illiyi münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin.

Sizin bütün həyatınız Vətənə fədakarcasına xidmət nümunəsidir. On səkkiz yaşında ikən Siz dövlətin təhlükəsizliyini təmin etmək kimi çətin zəhmətə qatlaşanların sıralarına daxil olmuş, Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinədək yol keçmişsiniz. Sizin misilsiz bacarığınız, təşkilatçılıq istedadınız və dövlətçilik təfəkkürünüz ölkə və zaman üçün gərəkli idi. Siz respublikada, Sov.İKP MK-da və SSRİ Nazirlər Sovetində rəhbər vəzifələrə ucaldınız.

Yüksək mükafatlar – Sosialist Əməyi Qəhrəmanı adı, beş Lenin ordeni, Oktyabr İnqilabı, Qırmızı Ulduz ordenləri Sizin xidmətlərinizə parlaq sübutdur.

1993-cü ildə Azərbaycan xalqının Sizi Prezident seçməsi qanunauyğun idi. Respublikanın dövlətçiliyinin möhkəmlənməsinə, onun sosial-iqtisadi inkişafına, Rusiya Federasiyası ilə əlaqələrin genişlənməsinə verdiyiniz çox böyük şəxsi töhfəniz əvəzsizdir. Beynəlxalq miqyaslı siyasi xadim və dövlət xadimi kimi Sizin nüfuzunuz Azərbaycan Respublikasının dünyada mövqeyinin möhkəmlənməsinə böyük təkan verir.

Heydər Əlirza oğlu, səmimi qəlbdən Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, Azərbaycanın çiçəklənməsi naminə yorulmadan göstərdiyiniz fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

Hörmətlə,

Nikolay Patruşev

Rusiya Federasiyası Federal Təhlükəsizlik

Xidmətinin direktoru

Moskva, 10 may 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin