Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm Heydər Əlirza oğlu! 

Azərbaycan Respublikasında akkreditə olunmuş Diplomatik korpus Sizi, müasir dövrün görkəmli siyasi və dövlət xadimini, Azərbaycan xalqının tanınmış oğlunu əlamətdar yubileyi – anadan olmağınızın 80 illiyi münasibətilə təbrik edir.

Sizin dövlət müdrikliyiniz, Azərbaycan Respublikasının suverenliyi və müstəqilliyini möhkəmlətmək uğrunda fədakar iradəniz, Sizə təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da böyük hörmət qazandırmışdır. Siz ən çətin şəraitdə və vəziyyətlərdə cəmiyyəti birləşdirmək kimi qeyri–adi qabiliyyətə maliksiniz.

Azərbaycan xalqının son 30 ildən çox bir zaman ərzində qazandığı bütün uğurlar Sizin adınız və çoxşaxəli fəaliyyətinizlə bağlıdır. Biz bu gün də Azərbaycanın Sizin rəhbərliyiniz altında müstəqil dövlətçiliyin möhkəmləndirilməsində, yüksək səviyyəli demokratik cəmiyyətin yaradılmasında yeni uğurlar əldə etməsinin şahidi oluruq. Azərbaycanın bu gün dünya birliyinin tanınmış üzvü olmasında, bütün beynəlxalq və regional təşkilatlarda təmsil olunmasında, mübahisəli beynəlxalq məsələlərin həllində iştirak etməsində, şübhəsiz, Sizin danılmaz əməyiniz vardır.

Sizin səmərəli siyasi və dövlət fəaliyyətiniz vətənpərvərliyə və öz xalqına sədaqətli xidmətə parlaq nümunədir.

Möhtərəm Heydər Əlirza oğlu!

Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatlar dövlətlərimiz arasında qarşılıqlı səmərəli əməkdaşlıq münasibətlərinin genişləndirilməsi və dərinləşdirilməsinə istiqamətləndirilmiş səmərəli iş üçün yaradılmış əlverişli şəraitə və bizə göstərdiyiniz qayğı və diqqətə görə səmimi qəlbdən təşəkkür edirlər.

Sizə möhkəm cansağlığı, Azərbaycan xalqı naminə, Azərbaycanın çiçəklənməsi və Qafqaz regionunda sabitliyin möhkəmlənməsi naminə uzun illər səmərəli fəaliyyət arzu edirik.

Dərin hörmətlə,

Azərbaycan Respublikasında akkreditə

olunmuş səfirliklərin və diplomatik

nümayəndəliklərin rəhbərləri

10 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin