Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
AZƏRBAYCAN RESPUBLIKASININ BƏZI QANUNVERICILIKAKTLARINA ƏLAVƏLƏR VƏ DƏYIŞIKLIKLƏR EDILMƏSI HAQQINDA

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №4, II kitab, maddə 251, №5, maddə 323; 2001-ci il, №1, maddə 24, №7, maddə 455; 2002-ci il, №1, maddə 9, №5, maddələr 236, 248, 258, №6, maddə 326, №8, maddə 465; 2003-cü il, №6, maddə 276) aşağıdakı redakisyada 165-1-ci maddə əlavə edilsin:

“Maddə 165-1. İnteqral sxem topologiyasından istifadəyə müstəsna hüququ pozma

165-1.1. Müəllifin və ya digər hüquq sahibinin icazəsi olmadan inteqral sxem topologiyasının orijinal olmayan hissəsini cıxarma istisna olmaqla, bütövlükdə, yaxud onun hər hansı bir hissəsini inteqral sxemə daxil etmə yolu ilə və ya surətini başqa şəkildə cıxarma, habelə topologiyanın və ya həmin topologiyadan ibarət inteqral sxemi tətbiq etmə, gətirmə, satış üçün təklif etmə, satma, yaxud başqa formada təsərrüfat dövriyyəsinə daxil etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa –

şərti maliyyə vahidinin yüz əlli mislindən beş yüz mislinədək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər ilə cəzalandırılır.

165-1.2. Eyni əməllər:

165-1.2.1. təkrar törədildikdə;

165-1.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə -

şərti maliyyə vahidinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu Məcəllənin 165-1.1-ci maddəsində “xeyli miqdar” dedikdə, şərti maliyyə vahidinin min mislindən artıq olan məbləğ başa düşülür”.

II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, I kitab, maddə 584; 2001-ci il, №1, maddə 24, №3, maddə 139, №7, maddə 455, №11, maddələr 680, 698, №12, maddə 731; 2002-ci il, №1, maddə 9, №4, I kitab, maddə 165, №5, maddələr 234, 237, 239, №6, maddə 326, №8, maddə 463, № 12, maddə 692; 2003-cü il, №1, maddələr 3, 13, 23, №4, maddələr 177, 178, №5, maddə 228, №6, maddə 276) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1. 50-ci maddənin Qeyd hissəsində “maddədə” sözü “Məcəllənin 50-ci və 50-1-ci maddələrində sözləri ilə əvəz edilsin;

2. Məcəlləyə aşağıdakı redaksiyada 50-1-ci maddə əlavə edilsin:

“Maddə 50-1. İnteqral sxem topologiyasından istifadəyə müstəsna hüququn pozulması

Müəllifin və ya digər hüquq sahibinin icazəsi olmadan inteqral sxem topologiyasının orijinal olmayan hissəsinin çıxarılması istisna olmaqla, bütövlükdə, yaxud onun hər hansı bir hissəsinin inteqral sxemə daxil edilməsi yolu ilə və ya sürətinin başqa şəkildə cıxarılması, habelə topologiyanın və ya həmin topologiyadan ibarət inteqral sxemin tətbiq edilməsi, gətirilməsi, satış üçün təklif edilməsi, satılması, yaxud başqa formada təsərrüfat dövriyyəsinə daxil edilməsinə görə, bu az miqdarda ziyan vurduqda -

şərti maliyyə vahidinin iyirmi mislindən qırx mislinədək miqdarda cərimə edilir”;

3. 360.1-ci maddədə “39-50” rəqəmləri “39-50.1” rəqəmləri ilə əvəz edilsin.

III. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №12, maddə 740; 2002-ci il, №12, maddə 706, 2003-cü il, №1, maddə 23) aşağıdakı redaksiyada 18.63-cü maddə əlavə edilsin:

“18.63. İnteqral sxem topologiyası sahəsində:

18.63.1. topologiyaya əmlak hüququnun vərəsəlik üzrə keçməsinin qeydiyyatı və qeydiyyat haqqında şəhadətnamənin verilməsi üçün:

18.63.1.1. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri üçün - şərti maliyyə vahidinin 5,0 misli;

18.63.1.2. xarici hüquqi şəxslər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün – 20 ABŞ dolları;

18.63.2. topologiyaya əmlak hüquqlarının verilməsi haqqında müqavilənin qeydiyyatı və qeydiyyat haqqında şəhadətnamənin verilməsi üçün:

18.63.2.1. Azərbaycan Respublikasının vətəndaşları və ya hüquqi şəxsləri üçün – şərti maliyyə vahidinin 6,0 misli;

18.63.2.2. xarici hüquqi şəxslər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün – 40 ABŞ dolları”.

IV. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 7 noyabr 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin