Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI İLƏ BEYNƏLXALQ ATOM ENERJİSİ AGENTLİYİ ARASINDA ƏMƏKDAŞLIQ ÜZRƏ DÖVLƏT KOMİSSİYASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq əlaqələrini daha da genişləndirmək və bu sahədə görülən işlərin səmərəliliyini artırmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:

Komissiyanın sədri

Yaqub Eyyubov -Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri:

Hüseynqulu Bağırov – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Mahmud Kərimov -Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının prezidenti

Elçin Quliyev -Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Araz Əzimov -Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Fuad İsgəndərov -Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini

Abbas Vəlibəyov -Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Aydın Əliyev -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Aydın Məmmədov -Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi sədrinin müavini

Cavad Qasımov -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mülkü müdafiə idarəsinin rəisi

2. Bu Sərəncamın 1-ci bəndində göstərilən Dövlət Komissiyasına tapşırılsın:

- Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əlaqələrin səmərəli aparılması məqsədi ilə müvafiq sahələr üzrə layihələrin və təkliflərin hazırlanması üçün mütəxəssislərdən ibarət ekspertlər qrupu yaratsın və onun fəaliyyətini tənzimləsin;

-əməkdaşlıqda xüsusi əhəmiyyət kəsb edən məsələləri Beynəlxalq Atom Enerjisi Agentliyi ilə həll etsin və görülən işlər barəsində vaxtaşırı Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Dövlət Komissiyası barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə müvafiq qaydada məlumat versin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 sentyabr 2002-ci il 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin