Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ BƏZI FƏRMANLARINA DƏYIŞIKLIKLƏR VƏ ƏLAVƏLƏR EDILMƏSI HAQQINDA

Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına

dəyişikliklər və əlavələr edilməsi haqqında

Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsindəki nöqsanları aradan qaldırmaq və bu sahədə mövcud olan bəzi qanunvericilik aktlarının müddəalarını “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın əlavələrinə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

- Qaydaların 1 nömrəli əlavəsinin dördüncü abzası aşağıdakı redaksiyada verilsin:

“Narkotik vasitələr və Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr, kimyəvi zəhərlər”

- Qaydaların 2 nömrəli əlavəsinin ixrac bölməsinə aşağıdakı redaksiyada abzas əlavə edilsin:

“Azərbaycan Respublikasının Azərbaycan Respublikasının

ərazisində dövriyyəsinə nəzarət edilən Səhiyyə Nazirliyi”

psixotrop maddələr

- Qaydaların 2 nömrəli əlavəsinin idxal bölməsinin üçüncü abzasında “Dərman preparatları” sözlərindən sonra “ o cümlədən Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr” sözləri əlavə edilsin.

2. “Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 mart tarixli 310 nömrəli Fərmanının 3-cü bəndində “narkotik maddələrin dövriyyəsi, psixotrop maddələrin (siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilənlər istisna olmaqla)” sözləri “narkotik vasitələrin və Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin idxalı, ixracı və hazırlanması” sözləri ilə əvəz edilsin.

3. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin