SİYASƏT
AZƏRBAYCAN SƏFİRİ ETİMADNAMƏSİNİ TƏQDİM ETMİŞDİR
Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Tələt Əliyev sentyabrın 5-də Minskdə etimadnaməsini Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təqdim etmişdir. O, ölkəmizi burada da təmsil edəcəkdir.
Diplomat Azərbaycan Prezidenti Heydər Əliyevin ən xoş arzularını Belarus dövlətinin başçısına çatdırmışdır.
Prezident A.Lukaşenko Azərbaycan Prezidenti Heydər Əliyevi və bütün xalqımızı referendumun uğurla keçirilməsi münasibətilə təbrik edərək demişdir ki, MDB ölkələri şəffaf, ədalətli və demokratik referendum keçirilməsini Azərbaycandan öyrənməlidirlər. O, ümidvar olduğunu bildirmişdir ki, Azərbaycan Respublikasının Belarusda səfiri təyin olunduqdan sonra dövlətlərarası münasibətlərdə, nəhayət, irəliləyiş hiss ediləcəkdir. Çünki ölkələrimizin ticarət-iqtisadi əməkdaşlıqlarının səviyyəsi onların potensialına uyğun deyildir.
Etimadnamə təqdim olunduqdan sonra Belarus Respublikası Prezidentinin iqamətgahında Aleksandr Lukaşenko və Tələt Əliyev arasında qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılmışdır. A.Lukaşenko Azərbaycan iqtisadiyyatına qoyulmuş sərmayələri yüksək qiymətləndirərək, iqtisadiyyatımızın digər MDB ölkələrindən fərqli inkişaf etdiyini vurğulamışdır.
Azərbaycan dövlətimizin başçısına onun səmimi minnətdarlığını və ehtiramını çatdırmağı səfirdən xahiş edən Belarus Prezidenti bildirmişdir ki, Heydər Əliyev müasir dünya siyasətində görkəmli dövlət xadimidir və çoxları ondan öyrənməlidir. Mən hələ tələbə olarkən işdə dəqiqliyi və operativliyi ondan öyrənmişəm.
Bundan əvvəl isə səfir T.Əliyev etimadnaməsinin surətini Belarusun xarici işlər naziri M.Xvostova təqdim etmişdir. Səmimi dostluq şəraitində keçən görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.