İQTİSADİYYAT
“AZƏRKƏNDTİKİNTİ” İNŞAAT İŞLƏRİNİN SÜRƏTİNİ ARTIRIR
Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində ev-eşiklərini itirmiş və doğma torpaqlarından didərgin salınmış insanlara qayğı Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə aparılan daxili siyasətin öncül istiqamətlərindən biridir. Dövlətimizin başçısı əhalinin bu qisminin sosial müdafiəsinə yönəldilmiş bir sıra sənədlər imzalamışdır. Ölkəmizin müxtəlif bölgələrində qaçqınlar və məcburi köçkünlər üçün yaşayış evləri və fərdi evlər tikilir. Əsas tikinti podrat işlərini “Azərkəndtikinti” SC yerinə yetirir. Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Goranboy, Ağdam, Füzuli və Biləsuvar rayonlarında 16,4 milyard manat dəyərində yaşayış evlərinin və fərdi evlərin inşası başa çatmaqdadır. Hazırda Səhmdar Cəmiyyətinin Goranboy rayonunda19 yaşayış binası, Füzuli rayonunda 108 fərdi ev, Ağdam rayonunda 33 yaşayış binası tikməyi nəzərdə tutulur.
Xatırladaq ki, “Azərkəndtikinti”nin kollektivi Bakıda 2000-ci il noyabrın 25-də baş vermiş zəlzələdən zərər çəkmiş 60 obyekti, Şəki və Dəvəçi rayonlarında təbii fəlakətdən zərər çəkmiş yaşayış binalarını və 3 ümumtəhsil məktəbini də bərpa etmişdir.