SİYASƏT
AZƏRTAC 95 illiyini qeyd edir
Bakı, 26 fevral, AZƏRTAC
Ukrayna Milli İnformasiya Agentliyinin (Ukrinform) saytının “BSANNA xəbərləri” bölməsində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Ukraynadakı xüsusi müxbiri Zeynal Ağazadənin “AZƏRTAC 95 illiyini qeyd edir” sərlövhəli məqaləsi yerləşdirilib.
Materialda deyilir ki, AZƏRTAC baharın ilk günündə - martın 1-də özünün 95 illik yubileyini qeyd edəcək.
Məqalə müəllifi AZƏRTAC-ın tarixindən ətraflı söz açaraq yazır ki, öz ölkəsi ilə bərabər inkişaf edən agentlik mürəkkəb, lakin şanlı yol keçib. Bu gün AZƏRTAC yeddi dildə - Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb və Çin dillərində ictimai-siyasi və iqtisadi mövzularda operativ, dürüst və obyektiv informasiya hazırlayaraq yayır, elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ətraf mühitdən və s. söhbət açır.
Müəllif vurğulayır ki, hazırda AZƏRTAC təkcə qocaman agentlik deyildir, həm də müasir, sürətlə inkişaf edən və diqqətlə izlənilən agentliklərdən biridir.
Dünyanın başqa agentlikləri ilə əlaqələri istər ikitərəfli, istərsə çoxtərəfli əsasda genişləndirmək AZƏRTAC-ın uğurla həyata keçirilən ən mühüm vəzifələrindən biridir. Materialda, həmçinin agentliyin Ukrinform ilə yaxşı işgüzar əlaqələrindən danışılır.
Məqalədə deyilir ki, AZƏRTAC Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA), Avropa Xəbər Agentlikləri Alyansının (EANA) üzvü, Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli Xəbər Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən biridir.
Yazıda vurğulanır ki, dünyanın 70-dən çox nüfuzlu xəbər agentliyinin, aparıcı media qurumlarının və tanınmış internet korporasiyalarının rəhbərlərinin iştirakı ilə 2013-cü ilin noyabrında keçirilən Xəbər Agentliklərinin IV Dünya Konqresində qəbul edilmiş qərar AZƏRTAC-ın dünyanın media məkanında nüfuzunun artdığını göstərir. Həmin qərara görə, AZƏRTAC 2016-cı ildə Bakıda Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasını və Dünya Xəbər Agentliklərinin V Konqresinə ev sahibliyi edəcək. Bundan sonra AZƏRTAC 2016-2019-cu illərdə OANA-nın və Dünya Xəbər Agentliklərinin Konqresinin sədri olacaq.
Məqalədə deyilir: “AZƏRTAC ölkə rəhbərliyi tərəfindən hərtərəfli dəstəklənməsəydi, uğur qazana bilməzdi. Agentliyin ən müasir texniki baza ilə təmin olunmasından, beynəlxalq miqyaslı tədbirlərin maliyyələşdirilməsindən, AZƏRTAC üçün yeni müasir binanın inşasından tutmuş jurnalistlərin pulsuz mənzillə təmin olunmasına qədər agentliyin problemlərinə diqqətli və həssas münasibət, jurnalist kadrlara qayğı əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan milli jurnalistikaya və jurnalistlərə münasibət prinsipidir. Hazırda bu prinsip Ulu Öndərin layiqli varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Materialın tam mətni ilə Ukrinformun saytında tanış ola bilərsiniz: http://www.ukrinform.ua/rus/news/azertadg_otmechaet_95_letie_1718649