SİYASƏT
AZƏRTAC “Gələcək naminə tərəfdaşlıq” XI Belarus Beynəlxalq Mediaforumunda iştirak edəcək
Bakı, 3 may, AZƏRTAC
Mayın 11-14-də Minskdə “Gələcək naminə tərəfdaşlıq” XI Belarus Beynəlxalq Mediaforumu keçiriləcək. Mediaforumda 300-dən çox nümayəndə - KİV rəhbərləri, görkəmli politoloqlar və jurnalistlər, MDB ölkələrinin, dünyanın yaxın və uzaq 21 ölkəsindən, o cümlədən Azərbaycandan ekspertlər iştirak edəcəklər. Mediaforumda ənənəvi olaraq Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) də iştirak edir.
Xatırladaq ki, Belarus Beynəlxalq Mediaforumu fikir mübadiləsi aparmaq və yeni ideyalar irəli sürmək məkanı, tərəfdaşlığın dərinləşməsində, dövlətlərarası inteqrasiya proseslərinin təkmilləşdirilməsində, MDB-nin ümumi humanitar məkanının yaradılmasında Beynəlxalq mətbuat birliyinin, müxtəlif bilik sahələrindən olan ekspertlərin səylərini birləşdirmək imkanıdır.
Mediaforumun əsas tədbirləri tematik panel diskussiyalarının keçirildiyi plenar iclas, aparıcı xarici və Belarus jurnalistlərinin apardıqları Yay Jurnalistika Məktəbi, “Belarusun mədəni irsi. Mədəniyyət ilinə həsr olunur” layihəsidir.
Tədbirin təşkilatçıları MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun, Birliyin İcraiyyə Komitəsinin, Belarus XİN-in, Minsk şəhər və Qrodno vilayət icraiyyə komitələrinin dəstəyi ilə Belarus İnformasiya Nazirliyi, Müttəfiq Ölkələrin Daimi Komitəsidir.