MƏDƏNİYYƏT


AZƏRTAC-da Həştərxan vilayətinin media qurumlarının rəhbərləri ilə görüş keçirilib VİDEO

A+ A

Bakı, 27 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrinin Rusiyanın Həştərxan vilayətinin Rabitə və Kütləvi Kommunikasiyalar Agentliyinin rəhbəri Marina Zaytseva və Həştərxan Vilayət Administrasiyasının Mətbuat Xidməti və İnformasiya İdarəsinin rəisi Natalya Filatova ilə görüşü olub.

Qonaqları səmimi salamlayan AZƏRTAC-ın baş direktoru Aslan Aslanov agentliyin fəaliyyətindən, onun dünya mediası, o cümlədən TASS agentliyi ilə sıx əməkdaşlığından, habelə elektron medianın inkişafından söz açaraq vurğulayıb ki, humanitar əməkdaşlıq məsələləri hazırda xüsusi aktuallıq kəsb edir. Qeyd edilib ki, Azərbaycan ilə Rusiyanın Həştərxan vilayəti arasında tarixən sıx mədəni əlaqələr təşəkkül tapıb. Belə ki, təkcə son illər Heydər Əliyev Fondu Həştərxanda bir sıra iri layihələr həyata keçirib.

Səmimi qəbula görə təşəkkür edən və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin salamını çatdıran qonaqlar bildiriblər ki, Bakıya bu ilin sentyabrında Həştərxanda keçiriləcək İkinci Xəzər Media Forumuna hazırlıq işləri çərçivəsində gəliblər.

Sonra Azərbaycanın media qurumlarının nümayəndələri ilə görüş keçirilib. AZƏRTAC-ın baş redaktoru Yaşar Quluzadə onları qonaqlara təqdim edib. O xatırladıb ki, Azərbaycan Həştərxan vilayətinin daimi və etibarlı xarici-iqtisadi tərəfdaşıdır. Burada bir çox amillər – ümumi dəyərlər, coğrafi yaxınlıq, tarixi əlaqələr mühüm rol oynayır.

Marina Zaytseva deyib: “İnformasiyanın başlıca vəzifəsi regionda iqtisadi, mədəni əməkdaşlığa və əməkdaşlığın digər növlərinə şərait yaratmaqdır, çünki lazımi informasiya təminatı olmadan bu sahələr uğurla inkişaf edə bilməz”.

Həştərxan mediasının fəaliyyətindən söz açan Natalya Filatova o cümlədən qeyd edib ki, müntəzəm olaraq jurnalistlər arasında müsabiqələr keçirilir. Həmin müsabiqələrdə Azərbaycan nümayəndələri də iştirak edirlər.

N.Filatova deyib ki, bu il “Kaspiyskiye novosti” saytının açılışı olub. O, görüş iştirakçılarını saytın strukturu ilə tanış edib, diqqətə çatdırıb ki, onun bölmələrindən biri “Azərbaycan xəbərləri” adlanır.

Görüşdə İkinci Xəzər Media Forumuna hazırlıq işləri, onun bölmələri və panelləri, Forum çərçivəsində nəzərdə tutulan digər tədbirlər haqqında videoçarx nümayiş etdirilib.

Sonra qonaqlar jurnalistlərin suallarına cavab veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.