MƏDƏNİYYƏT
AZƏRTAC-ın 95 illik yubileyi münasibətilə sənədli film hazırlanıb VİDEO
Bakı, 1 mart, AZƏRTAC
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) 95 illik yubileyi münasibətlə onun tarixindən, fəaliyyətindən bəhs edən 43 dəqiqəlik sənədli film hazırlanıb. Agentliyin öz istehsalı olan sənədli filmin ideya müəllifi AZƏRTAC-ın baş direktoru Aslan Aslanovdur.
Film martın 1-də “Azad Azərbaycan” (ATV) televiziyasında yayımlanıb.
Agentliyin 95 illik zaman kəsiyində keçdiyi tarixi yola nəzər salınan filmdə onun yaranması, inkişafı, beynəlxalq media arenasında qazandığı uğurlardan söhbət açılır. Ölkənin tanınmış ictimai-siyasi xadimləri agentliyin fəaliyyəti haqqında fikirlərini bölüşürlər.
Bu gün ölkənin ictimai-siyasi, iqtisadi, elmi-mədəni həyatının elə bir sahəsi yoxdur ki, AZƏRTAC-ın xəbərlərində müntəzəm olaraq öz əksini tapmasın. Mövzular, janrlar, coğrafiya dəyişir, yalnız bir prinsip – hazırlanan informasiyanın əzəli və əbədi prinsipi dəyişməz qalır. Bu, faktların geniş ictimai əhəmiyyəti, doğru-düzgünlüyü, dəqiqliyi və xəbərlərin operativliyidir.
AZƏRTAC bütün zamanlarda Azərbaycanın səsi olub və ölkənin etibarlı, dəqiq, qərəzsiz və heç vaxt təkzib verməyən xəbər mənbəyi olaraq qalır.
Film martın 2-də saat 18.45-də İctimai Televiziyanın efirində də yayımlanacaq.