MƏDƏNİYYƏT
AZƏRTAC-ın fotomüxbiri MOL PA-nın qızıl medalına layiq görülüb
Bakı, 15 may, AZƏRTAC
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Bosniya və Herseqovinada keçirilən “PHOTO MAGİC 2017” fotomüsabiqəsində “Master of Light Photographic Association” Assosiasiyasının (MOL PA) qızıl medalına, MOL PA-nın diplomuna və fotosalonun diplomuna layiq görülüb.
Amerika Fotoqraflar Cəmiyyətinin (PSA) və İşıq Magistrlərinin Fotoqrafiya Assosiasiyasının (Master of Light Photographic Association) himayəsi ilə keçirilən beynəlxalq fotomüsabiqədə dünyanın müxtəlif ölkələrindən 269 fotoqraf iştirak edib.
Fotomüxbirin “Finala gedən yolda” (“Road to the final”) fotosu “İdman” kateqoriyasında MOL PA-nın qızıl medalına layiq görülüb. Bu foto 2016-cı ildə Bakıda keçirilən Dünya Kuboku yarışları zamanı Milli Gimnastika Arenasında çəkilib.
2014-cü ilin fevralında Soçidə Qış Olimpiya Oyunları zamanı lentə alınan “Xokkey” (“Hockey”) adlı foto “Fotojurnalistika” kateqoriyasında MOL PA-nın diplomuna layiq görülüb.
2015-ci ildə Bakıda birinci Avropa Oyunlarının açılışı mərasimində çəkilən “Al-əlvan paltarlar” (“Multicolored skirts”) adlı foto isə “İnsanlar” kateqoriyasında fotosalonun diplomuna layiq görülüb.
Kanadanın Vankuver şəhərində yerləşən İşıq Magistrlərinin Fotoqrafiya Assosiasiyasının məqsədi üslubundan, texnikasından və ya janrından asılı olmayaraq fotoqrafiya sənətini dünyada təbliğ etməkdir.