CƏMİYYƏT


AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın Əməkdar Jurnalisti adına layiq görülüb

A+ A

Tbilisi, 22 avqust, AZƏRTAC

Gürcüstan Jurnalistləri İttifaqı (GJİ) idarə heyətinin qərarı ilə AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov və Azərbaycan Televiziyasının xüsusi müxbiri Şahismayıl Məmmədov bu ölkənin Əməkdar Jurnalisti fəxri adına layiq görülüblər.

Avqustun 22-də “Gürcüstanın Əməkdar Jurnalisti” fəxri adlarının rəsmi təqdimat mərasimi keçirilib. Mərasimdə Azərbaycanın Gürcüstandakı səfirinin birinci müavini Dursun Həsənov, səfirliyin mədəniyyət və humanitar məsələlər üzrə müşaviri Samirə Ağayeva, Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İshaq Novruzov, azərbaycanlı və gürcü jurnalistlər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Gürcüstan Jurnalistlər İttifaqının sədri Hamlet Qeqia bildirib ki, azərbaycanlı jurnalistlər bu mükafata ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da dərinləşməsində, inkişafında, Azərbaycanın və Gürcüstanın siyasi, iqtisadi, mədəni, ictimai həyatı ilə bağlı doğru, qərəzsiz, operativ xəbərlərin yayımlanmasında göstərdikləri xidmətlərinə görə layiq görülüblər. GJİ-nin idarə heyəti hər iki jurnalistin fəaliyyətini diqqətlə izləyib və yüksək qiymətləndirib.

Hamlet Qeqia deyib: “Biz Gürcüstanda akkreditasiyadan keçərək çalışan Azərbaycan jurnalistlərinin əməyini yüksək qiymətləndirir və onların uğurlarına sevinirik. Bizim belə layihələrimiz çox olacaq. Düşünürəm ki, biz Gürcüstan-Azərbaycan mətbuatının birgə inkişafına təkan verəcək tədbirləri daha çox keçirməliyik. Biz Jurnalistlər İttifaqının saytının da Azərbaycan dilində yayımlanmasını istəyirik. Bu işdə Azərbaycan jurnalistlərinə ehtiyacımız var. Azərbaycan bizə ən yaxın dost və qardaş ölkədir. Gürcüstanda ilk olaraq iqtisadi layihələri həyata keçirən Azərbaycan olub. Biz Azərbaycan ilə fəxr edirik. Gələcəkdə Gürcüstanda çalışan Azərbaycan jurnalistləri haqqında film də çəkməyi planlaşdırırıq. Bunun üçün bizim kifayət qədər resurslarımız var”.

Sonra Gürcüstan Jurnalistlər İttifaqı sədrinin birinci müavini Badri Naçkebia, Dursun Həsənov, Samirə Ağayeva, kinorejissor Tengiz Txelava, İshaq Novruzov və başqaları çıxış edərək hər iki jurnalistin Gürcüstandakı fəaliyyətini yüksək qiymətləndirib, onların Azərbaycan-Gürcüstan dostluğuna kifayət qədər töhfələr verdiklərini, dövlətlərimiz arasındakı münasibətlərin daha da inkişafına çalışdıqlarını, həmçinin vaxtında və operativ xəbərlər yayımladıqlarını bildiriblər.

Sonda fəxri ada layiq görülən Azərbaycan jurnalistləri bu qayğı və diqqət üçün Gürcüstan Jurnalistlər İttifaqının idarə heyətinə və sədr Hamlet Qeqiaya təşəkkürlərini bildiriblər. Azərbaycanlı jurnalistlər qeyd ediblər ki, Gürcüstan Jurnalistlər İttifaqının bu qərarı təkcə onların fəaliyyətinə deyil, bütövlükdə AZƏRTAC-ın və AzTV-nin fəaliyyətinə verilən yüksək qiymətdir.

Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət və humanitar məsələlər üzrə müşaviri Samirə Ağayeva jurnalistlərə müsahibəsində deyib ki, Azərbaycan jurnalistlərinin fəxri adlara layiq görülməsi ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha bir təzahürüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.