MƏDƏNİYYƏT
ƏZİZƏ MUSTAFAZADƏNİN BERLİNDƏ SOLO KONSERTİ
Martın 5-də Berlin filarmoniyasında istedadlı Azərbaycan pianoçusu, bəstəkar-müğənni Əzizə Mustafazadənin solo konserti olmuşdur.
O, Berlinə Almaniyanın bir çox şəhərində uğurlu çıxışlardan sonra gəlmişdi. Bundan bir ay öncə, yanvarın 28-də isə Londonun “Road Studies” musiqi firması Əzizənin “Klassik Şaman” əsərini kompakt diskə yazmış və onun təqdimat mərasimini keçirmişdi.
Almaniyanın digər şəhərlərində olduğu kimi, Berlində də Əzizə Mustafazadənin konserti yüksək səviyyədə təşkil edilmiş və böyük uğurla keçmişdir.
Alman musiqişünasları və konsertin təşkilatçıları Əzizənin məharətini yüksək qiymətləndirmiş və nəfis şəkildə buraxılmış proqramda ürək sözlərini belə ifadə etmişlər: “Piano Əzizənin barmaqları altında məhvərindən çıxır. O, şərq musiqi ornamentlərini müasir qərb caz musiqisi ilə ustalıqla sintez edir. Bu ifa cazibədar Əzizəyə nağıllarda deyilən gözəllik donunu geydirir və ifaçı onu dinləyənləri özü ilə birlikdə “Min bir gecə” nağılları aləminə aparır”.
Əzizə Mustafazadə hər yerdə Azərbaycan musiqiçisi kimi çıxış edir və “Şaman” adı altında çıxışları, özünün dediyi, rəmzi məna daşıyır: “Şamanlar fövqəladə insanlardır. Onlar başqalarını müalicə edir və həyata qaytarırlar”.
Yusif Xəlillov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin