İQTİSADİYYAT
AZPROMO ilə Belarus Ticarət-Sənaye Palatasının Minsk Şöbəsi arasında anlaşma memorandumu imzalanıb
Bakı, 15 iyul, AZƏRTAC
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Belarus Ticarət-Sənaye Palatasının Minsk Şöbəsi arasında qarşılıqlı mənfəətli əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi AZPROMO-nun rəhbəri Rüfət Məmmədov və Belarus Ticarət-Sənaye Palatasının Minsk Şöbəsinin baş direktorunun müavini Tatyana Dubova imzalayıblar.
AZƏRTAC xəbər verir ki, imzalanma iyulun 15-də Bakıda keçirilən Azərbaycan-Belarus biznes forumu çərçivəsində baş tutub. AZPROMO-nun təşkilatçılığı ilə keçirilən tədbirdə kənd təsərrüfatı və qida sənayesi, kimya, tekstil, maşınqayırma, metallurgiya, kağız sənayesi və digər sahələri təmsil edən 100-ə yaxın sahibkar iştirak edib.
AZPROMO-nun rəhbəri R.Məmmədov Azərbaycan iqtisadiyyatı, son zamanlar ölkəmizdə sahibkarlıq, biznes və investisiya mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar barədə məlumat verib. O, Azərbaycan-Belarus əlaqələrinin uğurla inkişaf etdiyini, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Belarus Ticarət-Sənaye Palatasının Minsk Şöbəsinin baş direktorunun müavini T.Dubova iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün biznes forumların, işgüzar görüşlərin əhəmiyyətini qeyd edib. T.Dubova belə tədbirlərin keçirilməsinin iqtisadi əməkdaşlığın inkişafına, eləcə də yeni əlaqələrin qurulmasına töhfə verəcəyini bildirib.
Tədbirdə Belarus və onun iqtisadiyyatı barədə film nümayiş olunub, bu ölkənin biznes və investisiya mühiti barədə təqdimat keçirilib.
AZPROMO-nun investisiyaların təşviqi departamentinin direktoru Zaur Qardaşov Azərbaycanın biznes mühiti və investisiya imkanları haqqında təqdimatla çıxış edib.
Biznes forumda iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlıq məsələləri müzakirə olunub.