İQTİSADİYYAT


AZPROMO ilə Beynəlxalq Ticarət Mərkəzi arasında  anlaşma memorandumu imzalanıb VİDEO

Bakı, 5 iyul, AZƏRTAC

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Beynəlxalq Ticarət Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandumu AZPROMO-nun rəhbəri Rüfət Məmmədov və Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru xanım Arança Qonzales iyulun 5-də Bakıda keçirilən "Şərq Tərəfdaşlığı: Ticarətə hazır ol" layihəsinin açılış mərasimində imzalayıblar.

Memorandumda "Şərq Tərəfdaşlığı: Ticarətə hazır ol" layihəsi çərçivəsində Azərbaycanda kiçik və orta sahibkarların qlobal dəyər zəncirlərinə inteqrasiyası, istehsal etdikləri məhsulların rəqabətqabiliyyətinin artırılması, kiçik və orta sahibkarların Avropa İttifaqı idxalçıları ilə əlaqələrinin qurulması, istehsalçı və ixracatçı assosiasiyaların potensialının gücləndirilməsi və s. nəzərdə tutulur.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, iqtisadiyyatın diversifikasiyası, özəl sektorun gücləndirilməsi, rəqabətədavamlı qeyri-neft məhsullarının istehsalı, ixracın genişləndirilməsi, xarici ölkələrə təşkil edilən ixrac missiyaları, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, Azərbaycanda sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta sahibkarlığa dəstəyin gücləndirilməsi, sənaye parklarının və zonalarının, aqroparkların yaradılması istiqamətində mühüm işlər görülür. Bunlarla yanaşı, qeyri-neft məhsullarının ixracının artırılması məqsədilə ixrac olunan qeyri-neft məhsulları üçün ixrac təşviqi ödənilir. Nazir müavini qeyd edib ki, bu ilin ötən 6 ayı ərzində sahibkarlara 1,3 milyon manat həcmində ixrac təşviqi ödənilib. Həmçinin Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı məqsədilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlər ayrılır.

Birləşmiş Millətlər Təşkilatı və Ümumdünya Ticarət Təşkilatının birgə agentliyi olan Beynəlxalq Ticarət Mərkəzi ilə əlaqələrin əhəmiyyətindən danışan iqtisadiyyat nazirinin müavini "Şərq Tərəfdaşlığı: Ticarətə hazır ol" layihəsinə uyğun olaraq, hədəf bazarların araşdırılması, kiçik və orta sahibkarların istehsal etdikləri məhsulların rəqabətqabiliyyətinin artırılması, maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, qlobal dəyər zəncirlərinə inteqrasiyası, məhsulların xarici bazarlara çıxarılması, beynəlxalq elektron kommersiya platformalarına birbaşa çıxışının əldə edilməsi, kiçik və orta sahibkarlara dəstək göstərən təşkilatların potensialının gücləndirilməsi istiqamətlərində əməkdaşlığın həyata keçiriləcəyini qeyd edib.

Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru xanım Arança Qonzales rəhbərlik etdiyi təşkilat barədə məlumat verib, Azərbaycanla əməkdaşlığa başlamaqdan məmnunluğunu ifadə edib. Xanım Qonzales "Şərq Tərəfdaşlığı: Ticarətə hazır ol" layihəsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, layihənin uğurlu icrası Azərbaycanda kiçik və orta sahibkarlara rəqabətqabiliyyətli məhsul istehsalını genişləndirməyə və xarici bazarlarla daha sıx əlaqə saxlamağa imkan yaradacaq.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Ülviyyə Abdullayeva Avropa İttifaqı-Azərbaycan əlaqələri barədə danışıb, əməkdaşlığın genişləndirilməsi potensialını diqqətə çatdırıb.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühiti, eləcə də "Şərq Tərəfdaşlığı: Ticarətə hazır ol" layihəsinin əsas istiqamətləri və layihədə AZPROMO-nun tərəfdaş kimi görəcəyi işlər barədə məlumat verib.

Qeyd edək ki, Beynəlxalq Ticarət Mərkəzi Birləşmiş Millətlər Təşkilatı və Ümumdünya Ticarət Təşkilatının birgə texniki əməkdaşlıq agentliyidir. Agentliyin missiyası ticarət və beynəlxalq biznesin inkişafı vasitəsilə inklüziv və dayanıqlı inkişafa və BMT-nin Dayanıqlı İnkişaf üçün Qlobal Məqsədlərin reallaşmasına töhfə verməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.