İQTİSADİYYAT
AZPROMO ilə Çin Beynəlxalq Ticarətin Təşviqi Şurası arasında Anlaşma Memorandumu imzalanıb
Bakı, 1 avqust, AZƏRTAC
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Çin Beynəlxalq Ticarətin Təşviqi Şurası (CCPIT) arasında Anlaşma Memorandumu imzalanıb.
AZPROMO-dan AZƏRTAC-a bildiriblər ki, imzalanma CCPIT təmsilçiləri arasında keçirilən görüşdə baş tutub. Memorandum iki ölkənin ticarət-iqtisadi və investisiya əlaqələrinin inkişaf etdirilməsini, eləcə də ixracın və xarici sərmayələrin təşviqini, təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur.
Azərbaycanın biznes imkanları, xarici investorlar üçün yaradılan əlverişli şərait barədə məlumat verən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov yerli məhsulların Çinə ixracı, həmçinin investisiya, tranzit, logistika sahəsində qarşılıqlı əməkdaşlıq potensialını diqqətə çatdırıb. Çinin Azərbaycanın əsas ticarət tərəfdaşlarından olduğu vurğulanaraq, ötən ilin noyabr ayında bu ölkəyə həyata keçirilən ixrac missiyası barədə məlumat verilib.
Çin Xalq Siyasi Məsləhət Şurasının daimi üzvü Van Çifey Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsinin artdığını qeyd edərək, əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün belə tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb.