İQTİSADİYYAT


AZPROMO və Beynəlxalq Ticarət Mərkəzi arasında Anlaşma Memorandumu imzalanacaq

Bakı, 4 iyul, AZƏRTAC

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Beynəlxalq Ticarət Mərkəzi arasında Anlaşma Memorandumu imzalanacaq.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev iyulun 4-də Beynəlxalq Ticarət Mərkəzinin direktoru xanım Arança Qonzaleslə görüşündə deyib.

Nazir Şahin Mustafayev Beynəlxalq Ticarət Mərkəzinin direktoru xanım Arança Qonzalesi Azərbaycana ilk səfəri və mərkəzin ölkəmizlə əməkdaşlığa başlaması münasibətilə təbrik edib, Birləşmiş Millətlər Təşkilatı və Ümumdünya Ticarət Təşkilatının birgə agentliyi olan Beynəlxalq Ticarət Mərkəzi ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Azərbaycan 25 ildir ki, BMT ilə, eləcə də BMT-nin UNCTAD, UNIDO, UNESCO və digər qurumları ilə uğurlu əməkdaşlıq edir. 2012-2013-cü illərdə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub, 2016-cı ilin aprelində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilib, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin milli icra mexanizmi kimi ölkəmizdə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb.

İqtisadiyyat naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, rəqabətədavamlı qeyri-neft məhsullarının istehsalı, ixracın genişləndirilməsi, xarici ölkələrə təşkil edilən ixrac missiyaları, "Made in Azerbaijan" brendinin təbliği və s. barədə geniş məlumat verib. Bildirilib ki, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafında, ixracın rəqabətqabiliyyətinin artırılmasında beynəlxalq təcrübəyə xüsusi önəm verilir. Bu istiqamətdə əlverişli iqtisadi-coğrafi mövqeyə və insan resurslarına malik olan Azərbaycanla Beynəlxalq Ticarət Mərkəzi arasında əməkdaşlıq faydalı olacaq. Bu baxımdan Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Beynəlxalq Ticarət Mərkəzi arasında imzalanacaq Anlaşma Memorandumunun əlaqələrin inkişafında əhəmiyyəti qeyd edilib.

Beynəlxalq Ticarət Mərkəzinin direktoru xanım Arança Qonzales Azərbaycana ilk səfərindən və ölkəmizlə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Qeyd edilib ki, Azərbaycanla əlaqələrin inkişafı üçün böyük potensial var. Azərbaycanda kiçik və orta sahibkarların istehsal etdiyi məhsulların rəqabətqabiliyyətinin artırılması və xarici bazarlara daha çox çıxarılması, eləcə də beynəlxalq elektron kommersiya platformalarına (məsələn, Ebay) birbaşa çıxışın əldə edilməsi sahəsində uğurlu əməkdaşlıq etmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.