CƏMİYYƏT
Abbas Əfrasiabi: “Bakı Ürək Günləri” çox böyük elmi-praktiki əhəmiyyət daşıyır
Bakı, 27 may, Əziz Məmmədov, AZƏRTAC
2009-cu ildən başlayaraq hər iki ildən bir Azərbaycanın paytaxtında “Bakı Ürək Günləri” Beynəlxalq Konqresi keçirilir. Mən bu Konqresə dəvəti böyük məmnuniyyətlə qəbul edirəm. Hesab edirəm ki, Konqres təkcə Azərbaycanda deyil, həm də bütövlükdə regionda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə verir, müxtəlif ölkələrin mütəxəssislərinin birgə fikir mübadiləsinə və tibbin bu sahəsinin son yeniliklərinin müzakirəsinə şərait yaradır.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində “Bakı Ürək Günləri” V Beynəlxalq Konqresinin iştirakçılarından biri, iranlı ekspert Abbas Əfrasiabi söyləyib. O deyib: “Eyni zamanda, Azərbaycan səhiyyəsində irəliləyişin ildən-ilə nəzərəçarpacaq dərəcədə hiss olunduğunu qeyd etməyə bilmərəm. Dünən bir neçə tibb müəssisəsində oldum. Bircə bunu deyə bilərəm ki, dəyişikliklər göz qabağındadır. Bundan əlavə, Azərbaycanın ixtisaslı kardioloq və kardiocərrahlarının sayı xeyli artıb. Hesab edirəm ki, “Bakı Ürək Günləri”nin keçirilməsi bu baxımdan az rol oynamayıb. Bununla yanaşı, konqres çərçivəsində gənc mütəxəssislər üçün praktiki məşğələlər təşkil edilib ki, bu da konqresin elmi-praktiki əhəmiyyətini daha da artırır, habelə Azərbaycan həkimlərinə kardiologiya elminin son nailiyyətlərini dünyanın aparıcı mütəxəssisləri ilə müzakirə etmək imkanı verir”.