ELM VƏ TƏHSİL
“Abbasqulu ağa Bakıxanovun şəxsi arxivinin təsviri” kitabı tədqiqatçılar üçün dəyərli mənbədir
Bakı, 10 fevral, AZƏRTAC
Fevralın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda bu elm müəssisəsinin əməkdaşı İradə Vəzirovanın “Abbasqulu ağa Bakıxanovun şəxsi arxivinin təsviri” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə institut direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov A.Bakıxanovun elmi, ədəbi-bədii irsinin Azərbaycan xalqının əvəzsiz sərvəti olduğunu bildirib. O, böyük maarifçi alimin yaradıcılığının tədqiqi barədə məlumat verib.
Qeyd edilib ki, A.Bakıxanovun irsinə gələcəkdə də müraciət ediləcək, onun haqqında yeni tədqiqat əsərləri yazılacaq. İ.Vəzirovanın hazırladığı kitab da bu istiqamətdə tədqiqatçılar üçün yaxşı mənbə olacaq.
Kitabın müəllifi İ.Vəzirova və redaktoru, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov nəşrin ərsəyə gəlməsi prosesindən danışıblar.
Digər çıxış edənlər də kitabın məziyyətlərindən söz açıb, A.Bakıxanovla bağlı tarixi faktları diqqətə çatdırıblar.