MƏDƏNİYYƏT
“Abdulla Şaiq. Biblioqrafiya” kitabının və “Abdulla Şaiq” elektron məlumat bazasının təqdimatı olub
Bakı, 25 noyabr, AZƏRTAC
Noyabrın 25-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Abdulla Şaiq. Biblioqrafiya” kitabının və “Abdulla Şaiq” elektron məlumat bazasının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, kitab və elektron məlumat bazası F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Uşaq ədəbiyyatı xəzinəsindən” seriyası çərçivəsində tərtib olunub.
Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, biblioqrafiyanın “Ön söz” müəllifi, professor Alxan Bayramoğlu və digərləri çıxış edərək kitabın əhəmiyyətindən danışıblar.
Qeyd edilib ki, kitab və elektron məlumat bazası Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair, tərcüməçi, pedaqoq Abdulla Şaiq Talıbzadənin anadan olmasının 135 illiyi münasibətilə hazırlanıb.
Bildirilib ki, biblioqrafiyanın hazırlanmasına 2014-cü ildə başlanıb. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları tərəfindən tərtib olunan 448 səhifəlik biblioqrafik topluda A.Şaiqin 1906-2016-cı ilədək nəşr olunan əsərləri, həyat və yaradıcılığı haqqında materiallar əks olunub. Vəsait şairin keçdiyi dolğun həyat yolunu və zəngin yaradıcılığını əks etdirmək baxımından çox əhəmiyyətlidir. Biblioqrafiyada Abdulla Şaiqin həyat yoluna, yaradıcılıq fəaliyyətinə dair fakt və tarixlərlə yanaşı, əsərlərinin ilk və növbəti nəşr mənbələri, onların yer aldığı çap məhsullarının çeşidləri, onun haqqında yazan müəlliflərin əsərlərinin çapdan çıxdığı nəşrlər, onların təsviri və s. geniş şəkildə öz əksini tapıb. Kitabda 2000-dən çox mənbə göstərilib.
Vurğulanıb ki, biblioqrafiyanın əhəmiyyətli cəhətlərindən biri də ənənəvi çap məhsulları ilə yanaşı, görkəmli ədibin mənzil-muzeyində mühafizə olunan qiymətli fond materiallarını, əlyazmalarını, məktublarını və şəxsi arxiv sənədlərini də əhatə etməsi və həmin materialların kitaba əlavələr şəklində verilməsidir.
Ədibin yaradıcılığı və ictimai fəaliyyəti barədə danışan natiqlər bildiriblər ki, Abdulla Şaiq yaratdığı bədii əsərlərlə milli ədəbiyyatımızın zənginləşməsinə çalışıb, ədəbi fikrin, maarif və mədəniyyətin inkişafına təsir göstərib.
Qeyd olunub ki, Abdulla Şaiqin istər uşaq pyesləri, istərsə də dram əsərlərinin bu günədək teatrların repertuarında özünəməxsus yeri var. Hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, ədibin adını daşıyan Azərbaycan Dövlət Kukla Teatrının repertuarında bu gün də maraqlı, öz aktuallığını itirməyən əsərləri tamaşaya qoyulur.
Sonra elektron bazanın təqdimatı olub.
Bazada Abdulla Şaiqin həyat və yaradıcılığı, əsərləri, müdrik kəlamları, görkəmli şəxslərin ədib haqqında fikirləri, sözlərinə yazılmış mahnılar olmaqla, ümumilikdə 11 bölmədən ibarətdir.
Tədbirdə “Abdulla Şaiq-135” adlı kitab sərgisi nümayiş olunub, şairin qəzəllərinə yazılmış mahnılar səsləndirilib, məktəblilər şeirlərini söyləyiblər.