MƏDƏNİYYƏT
Əbədiyyətə qovuşan ömür
Bakı, 9 dekabr, Aynur İsmayılova, AZƏRTAC
Dekabrın 9-da M.S.Ordubadinin ev-muzeyində Heydər Əliyevin vəfatının 13-cü il dönümünə həsr olunmuş “Əbədiyyətə qovuşan ömür” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə M.S.Ordubadinin ev-muzeyinin direktoru Lalə Abaszadə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan dövlətinin formalaşmasında rolundan, elm, təhsil, mədəniyyət sahələrinin inkişafındakı əvəzolunmaz xidmətlərindən, bununla əlaqədar imzaladığı fərman və sərəncamlardan danışıb.
Dövlət Din Tarixi Muzeyinin direktoru Münəvvər Babayeva, Nizami rayon Mərkəzi Kitabxanasının metodika-biblioqrafiya şöbəsinin müdiri Sevil Nağıyeva və başqaları Azərbaycanın hər hansı bir sahəsinə, onun keçmişinə, bu gününə və gələcəyinə baxanda Heydər Əliyev siyasətinin nəticələrinin göründüyünü söyləyiblər. Bildirilib ki, Azərbaycan dövləti və dövlətçiliyi Ümummilli Liderin şah əsəridir.
Vurğulanıb ki, xalqımız dahi şəxsiyyət Heydər Əliyevin böyük liderlik istedadı, dərin zəkası sayəsində iqtisadiyyat, elm, mədəniyyət və digər sahələrdə böyük nailiyyətlərə imza atıb. Ulu Öndərin yürütdüyü uğurlu siyasət ölkəmizə beynəlxalq aləmdə nüfuz qazandırıb.
Tədbirin sonunda Nizami rayon 12 nömrəli orta məktəbin şagirdləri “Bir dahi doğulub gəldi dünyaya” adlı ədəbi-bədii kompozisiya təqdim ediblər.