ELM VƏ TƏHSİL
Abituriyentlər (cari ilin məzunları) birinci və dördüncü ixtisas qrupları üzrə imtahan verirlər
Bakı, 14 iyul, AZƏRTAC
İyulun 14-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən cari ilin məzunları üçün birinci və dördüncü ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində aparılır. İmtahan saat 11.00-da başlanıb və üç saat davam edəcək.
İmtahanda abituriyentlərə hər fəndən 25 test tapşırığı olmaqla ümumilikdə 125 test tapşırığı təqdim olunur. Birinci ixtisas qrupunda riyaziyyat, fizika və kimya fənlərindən, dördüncü ixtisas qrupunda isə riyaziyyat, kimya və biologiya fənlərindən son dörd sual açıq tipli test tapşırıqlarıdır.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları, eyni zamanda, TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahanın nəticələri barədə məlumatı mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə biləcəklər.
İmtahanda 26 min 920 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 22 min 381-i birinci qrup üzrə, 4 min 539-u dördüncü qrup üzrə imtahan verəcək.
İmtahana nəzarətçi-müəllimlər nəzarət edirlər.
Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 30-dan avqustun 11-dək aparılacaq.