İDMAN


Abituriyentlərə kömək məqsədilə ümumi fiziki hazırlıq üzrə ödənişsiz sınaq imtahanları keçirilir

Bakı, 19 iyun, AZƏRTAC

İyunun 5-dən etibarən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə bu ali təhsil ocağına daxil olmaq istəyən tələbələr üçün ödənişsiz sınaq qabiliyyət imtahanları keçirilir.

ADBTİA-dan AZƏRTAC-a bildiriblər ki, sınaq imtahanları zamanı abituriyentlər Akademiyanın atletika və gimnastika üzrə mütəxəssisləri tərəfindən metodik tövsiyələr, məsləhətlər ala bilirlər.

Məşq və fiziki hazırlıq fakültəsinin dekanı, professor Firat Hüseynov bildirib ki, iyunun 5-dən bu günədək sınaq imtahanlarında 400-dən artıq abituriyent iştirak edib. Onlar üçün zəruri tövsiyə, metodik kömək, məsləhətlər verilib.

Sınaq imtahanları dörd hərəkətdən ibarətdir ki, onlardan ikisi “aşağı start”dan 100 və 1000 metr məsafəyə kross qaçışlarıdır. Sınaq imtahanlarında iştirak edən abituriyentlərin böyük əksəriyyətinin “aşağı start”dan 100 metr qaçış texnikasında müəyyən texniki qüsurların olduğu müəyyənləşib. Davamlı olaraq, sınaq imtahanlarında iştirak edən abituriyentlərə Akademiyanın mütəxəssisləri tərəfindən müvafiq tövsiyələr verilir və abituriyentlər texniki qüsurları aradan qaldırmaqla “aşağı start”dan 100 metr məsafəyə qaçışda nəticələrini xeyli yaxşılaşdırırlar.

Min metr məsafəyə kross qaçışında abituriyentlər dörd yaş qrupunda iştirak edirlər. Bu hərəkətdə diqqət çəkən məsələ abituriyentlərin öz gücünü, potensialını məsafə boyu qaçışda düzgün bölüşdürə bilməmələridir. Adətən abituriyent ya yüksək temp ilə qaçışa başlayır və tez yorulur, ya da əksinə, öz potensialından finaladək tam istifadə edə bilmir. Bu növ hərəkət üçün hazırlıq daha çox vaxt tələb edir və bu istiqamətdə abituriyentlərə zəruri tövsiyələr və məsləhətlər verilir.

ADBTİA-nın Kütləvi-sağlamlıq idman növləri kafedrasının müdiri, professor Elşad Nərimanov bildirib ki, qalan iki hərəkət gimnastika zalında keçirilir. Oğlan abituriyentlər gimnastika zalında yerindən uzununa tullanma və turnikdə dartınma, qız abituriyentlər isə gimnastika skamyasında qolların bükülüb-açılması, yerindən uzununa tullanma hərəkətlərini icra edirlər. Hərəkətlərin texniki cəhətdən dəqiq icra edilməsi qaydaları kafedranın müəllimləri tərəfindən göstərilir. Daha sonra abituriyentlərə imtahana hazırlıqla bağlı tövsiyələr verilir.

Qeyd etmək lazımdır ki, ilk dəfə Akademiyada sınaq qabiliyyət imtahanı 2016-cı ildə keçirilib. Bu yeniliyin abituriyentlər tərəfindən müsbət qarşılandığı nəzərə alınaraq, bu təşəbbüsün növbəti illərdə də davam etdirilməsi qərara alınıb. Bu il ödənişsiz sınaq imtahanları iyunun 23-dək keçiriləcək. Abituriyentlər imtahan normativləri ilə Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı olan vəsaitlərdə daha ətraflı tanış ola bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.