ELM VƏ TƏHSİL
“Abituriyentlərin imtahana psixoloji hazırlığı” adlı layihə həyata keçirilib
Bakı, 5 iyul, Z. Mansurova, AZƏRTAC
AMEA Mərkəzi Elmi Kitabxanasında “Hədəf Kursları” MMC və “Hədəf” Karyera Mərkəzinin təşkilatçılığı ilə “Abituriyentlərin imtahana psixoloji hazırlığı” adlı layihə həyata keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, layihədə məqsəd qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün imtahandan əvvəl və imtahan zamanı yaranan həyəcan və narahatlığın aradan qaldırılması və idarə olunmasına kömək etmək olub.
Tədbirdə “Hədəf Kursları” MMC-nin baş direktoru Şəmil Sadiqov layihə haqqında qısa məlumat verib. Belə seminarlarda abituriyentlərlə yanaşı, gənc müəllimlər üçün “Orta məktəb psixologiyası” adlı xüsusi ustad dərslərinin də keçiriləcəyini bildirib. Seminarların paralel olaraq 2 salonda davam edəcəyini söyləyib.
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, layihənin təşkilatçılarından olan “Fransa-Azərbaycan Universiteti” layihəsinin əlaqələndiricisi Şarlot Payen (Charlotte Payen) yeni yaradılan ali təhsil ocağı haqqında abituriyentlərə ətraflı məlumat veriblər.
Treninqlər zamanı abituriyentlərdə özünə inam, diqqət və konsentrasiya, stress, həyəcan, ümidsizlik, qərarsızlıq və s. aradan qaldırılması, imtahan müddətində zamanın düzgün bölünməsi, imtahandan sonra ixtisas seçimini düzgün aparmaları və s. kimi mövzular ətrafında tanınmış psixoloqlar tərəfindən seminarlar keçirilib.
Layihə müddətində Ağababa İbrahimov, Elşən Qafarov, Şəmil Sadiq, Elnur Rüstəmov, Vəfa Əkbər, Orxan Oruclu, Emilya İgidova, Cəmalə Cəfərova, Famil İsayev və digər təlimçi və psixoloqlar həm abituriyentlər, həm də gənc müəllimlər üçün seminar-treninqlər keçiblər.