İQTİSADİYYAT
“Abşeron” REŞ-in xidməti ərazisində mövsümə hazırlıq işləri başa çatıb
Bakı, 16 avqust, AZƏRTAC
“Abşeron” regional elektrik şəbəkəsinin xidməti ərazisində yerləşən bütün yarımstansiyalarda və elektrikötürücü xətlərdə mövsümə hazırlıq işləri başa çatıb. Avadanlığın iş səmərəliliyinin artırılması məqsədilə müəyyən əsaslı təmir və texniki təftiş işləri aparılıb, enerjinin ötürülməsi sisteminin sabit və dayanıqlı işləməsi, istismar səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. O cümlədən cari ilin son üç ayı ərzində 110 kilovoltluq (kV) “Binə” yarımstansiyasında 1 saylı 16 MVA transformatorun 110 kV-lik yağ açarı eleqaz açarla əvəz edilib, 2 saylı 10 MVA transformatorun isə mühafizə və idarəetmə dövrələri yoxlanılıb.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cari ilin son 3 ayı ərzində şəbəkənin 110 kV-lik “Ramana” yarımstansiyasında 2-ci, 3-cü və 4-cü “Ramana” hava xətlərinin (HX) xətt ayrıcılarında yeni idarəetmə intiqalları quraşdırılıb, qoşma və açma dövrələri yoxlanılıb. Eyni zamanda, 110 kV-lik “Binə” yarımstansiyasında 110 kV-lik I və II bölmələrdə yeni gərginlik transformatorları quraşdırılıb, 110 kV-lik “Qala” və 220 kV-lik “Xırdalan” yarımstansiyalarında isə 110 kV-lik II şin sistemində gərginlik transformatorları dəyişdirilib. Bununla yanaşı, 220 kV-lik “Nizami” və 110 kV-lik “Suraxanı” yarımstansiyalarında da müəyyən xətlərin mühafizə və idarəetmə dövrələri yoxlanılıb.
Hesabat dövründə 500 kV 2-ci “Abşeron” və 330 kV 1-ci “Abşeron”, 6-cı “Cənub”, 220 kV 4-cü, 5-ci, 6-cı “Abşeron”, 4-cü, 5-ci “Cənub” və 110 kV 1-ci, 2-ci “Binəqədi”, 110 kV 7-ci “Səngəçal”, 1-ci, 2-ci “Xırdalan” HX-lərin dayanıqlılığının daha da artırılması məqsədilə təmir işləri aparılıb.
Müəssisənin xidməti ərazisində həmin dövrdə təmir qrafikinə uyğun əsaslı və cari təmir 110 kV-lik 2-ci “Ələt”, 4-cü “Ramana”, 2-ci “Zığ”, 2-ci “Şimal”, 220 kV-lik “Ağsu”, 2-ci və 3-cü “Hövsan” HX-lərindən də aparılıb.