CƏMİYYƏT
Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları marketdən oğurluq edən şəxsləri yaxalayıblar
Bakı, 24 fevral, AZƏRTAC
Ölkəmizdə fiziki və hüquqi şəxslərə məxsus bütün mülkiyyət formalarında olan obyektlər və mənzillər Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin (BMİ) əməkdaşları tərəfindən etibarlı şəkildə qorunur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə Abşeron Rayon Mühafizə İdarəsinin (RMİ) əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə, o cümlədən mülkiyyət əleyhinə olan oğurluq cinayətlərinin qarşının vaxtında alınması sahəsində növbəti uğurlu tədbir həyata keçirilib. Gecə saatlarında Masazır qəsəbəsində yerləşən və xüsusi texniki vasitələrlə qorunan marketlərdən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “Həyəcan” siqnalı daxil olub. Abşeron RMİ-nin xidmətdə olan tutucu qrupunun əməkdaşları dərhal hadisə yerinə çıxıblar. Obyektə baxış zamanı mağazanın qapısının, həmçinin dəmir barmaqlıqlarının naməlum şəxslər tərəfindən sındırıldığı və oğurluğun baş verdiyi müəyyən edilib.
Həmin şəxslər hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib. Araşdırma zamanı məlum olub ki, oğurluğa cəhd göstərən şəxslər Laçın rayon sakini, əvvəllər məhkum olunmuş Elxan İsayev və Ağdam rayon sakini Ceyhun Abbasovdur. İlkin araşdırma zamanı onlar Abşeron rayonu ərazisində 15 fərdi yaşayış evindən oğurluq etdiklərini bildiriblər.
Faktla bağlı araşdırmalar və zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.