MƏDƏNİYYƏT
Abşeron məktəbləri arasında nağıl müsabiqəsinin finalı keçiriləcək
Bakı, 9 iyun, AZƏRTAC
İyunun 12-də Abşeron rayon Xırdalan şəhəri mədəniyyət mərkəzində “İslam Həmrəyliyi İli” ilə əlaqədar rayon məktəbləri arasında “Nağılları yaşadaq” adlı nağıl müsabiqəsinin final mərhələsi keçiriləcək. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının və Abşeron Rayon Təhsil Şöbəsinin birgə təşkil etdiyi müsabiqədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Misirin nağılları təqdim olunacaq.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbiri keçirməkdə məqsəd İslam dövlətlərinin mədəniyyəti, adət və ənənəsi, folkloru, nağılları ilə uşaqları yaxından tanış etmək, onlarda mərd və cəsur olmaq, zəka və intellektual səviyyəni yüksəltmək, vətənə sevgi, hörmət və ehtiram kimi ülvi hissləri aşılamaq və maarifləndirməkdir.
Müsabiqə ilə yanaşı, mərkəzin foyesində İslam ölkələrinin nağıllarından ibarət kitab və əl işləri sərgiləri təşkil olunacaq.