REGİONLAR
Abşeron musiqi məktəbinin kollektivi Gürcüstan səfərindən qayıdıb
Xırdalan, 28 mart, AZƏRTAC
Abşeron rayon 11 illik musiqi məktəbinin kollektivi Novruz bayramı münasibətilə qonşu Gürcüstan respublikasına qastrol səfərindən qayıdıb. Səfər Gürcüstandakı M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Mərkəzinin dəvətinə əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində kollektiv Tbilisi və Marneuli şəhərlərində təşkil olunan Novruz şənliklərində, həmçinin Azərbaycanın qədim mədəniyyət nümunələrinin nümayiş etdirildiyi “Bahar rəngləri” adlı sərgidə maraqlı konsert proqramları ilə çıxış ediblər.
Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi nazirinin müşaviri Qeorqi Qeqeçqoriya, Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov məktəb kollektivinə öz təşəkkürlərini bildirərək, onlara gələcək işlərində uğurlar arzulayıblar.
Bundan əlavə, kollektivin Tbilisi və Marneulidə açıq meydanda şəhər rəhbərlərinin iştirakı ilə keçirilən tədbirlərdəki çıxışları da maraqla qarşılanıb.