REGİONLAR
Abşeron rayon büdcəsinin yerli gəlirlər proqnozu 116 faiz yerinə yetirilib
Xırdalan, 19 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunda ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyəti başçısı İradə Gülməmmədova hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, ötən dövrdə rayonda abadlıq-quruculuq işləri davam etdirilib, əhalinin elektrik enerjisi, içməli su, təbii qazla təchizatı, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Yol infrastrukturunun bərpası və inkişaf etdirilməsi məqsədilə rayonun yaşayış məntəqələrində daxili yollara 9532 kubmetr çınqıl töküb, 17 min kvadratmetr sahə asfaltlanıb, 96 poqonmetr səki daşı düzülüb, piyada səkilərinə 289 kvadratmetr tamet döşənib. Məmmədli kəndində magistral yolun kənarı boyunca qrunt sularının axıdılması üçün polietilen borularla 1000 metr uzunluğunda su ötürücünün inşa olunması işləri başa çatdırılıb.
Qeyd olunub ki, Bakı-Quba və Bakı-Şamaxı magistral avtomobil yollarının Abşeron rayonundan keçən hissəsində 5 yerdə yerüstü keçidin inşası davam etdirilir.
Ötən müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vergi orqanlarında 48 hüquqi, 1130 fiziki şəxs vergi ödəyicisi kimi qeydiyyata alınaraq fəaliyyətə başlayıb. Ümumilikdə sahibkarlıq fəaliyyətinə yaradılmış əlverişli şəraitin nəticəsi olaraq, 3 ay ərzində rayon ərazisində 2017 yeni iş yaradılıb. Hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon ərazisində fəaliyyət göstərən sahibkarlara 4 investisiya layihəsi üçün 930 min manat güzəştli kredit verilib. İlin birinci rübündə rayonda sənaye məhsulunun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 67,7 faiz artaraq 36,5 milyon manata çatıb. Sənaye müəssisələrində işləyənlərin sayı 6200 nəfər olub, çalışan işçilərin orta aylıq əməkhaqqı isə 351 manat təşkil edib.
Ötən illərdə olduğu kimi, 2017-ci ilin əvvəlində də rayonda heyvandarlıq və bitkiçilik məhsulları istehsalının həcmi xeyli artıb. Hesabat dövründə keçən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz çox olmaqla, 411 hektar sahədə tərəvəz əkilib. 2017-ci ilin 3 ayı ərzində rayonda tikinti işlərinin həcmi 27,5 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,5 faiz çoxdur. Artıq 6 ildir ki, Abşeron rayonu dotasiya almadan bütün xərclərini yerli daxilolmalar hesabına maliyyələşdirir və bu il rayonun yerli xərclərindən əlavə 23,5 milyon manatın dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulub.
Hesabat dövründə Abşeron rayon büdcəsinin yerli gəlirlər proqnozu 116 faiz yerinə yetirilib, nəticədə büdcəyə nəzərdə tutulduğundan 953 min manat əlavə vəsait daxil olub.
Yığıncaqda ayrı-ayrı sahələr üzrə də hesabat verilib, qarşıda duran məsələlər müzakirə olunub.