REGİONLAR
Abşeron rayonu altı ildir öz xərclərini daxili gəlirlər hesabına təmin edir VİDEO
Xırdalan, 14 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonu 2017-ci il də daxil olmaqla altıncı ildir ki, dövlətin dotasiyası olmadan xərclərini daxili gəlirlər hesabına təmin edir. Bu il isə Abşeron rayonu üzrə özünü maliyyələşdirmədən əlavə dövlət büdcəsinə 24 milyon manat vəsaitin ödənilməsi nəzərdə tutulur.
Ötən il rayonda sənaye məhsulunun həcmi 118 milyon manata çatıb. İstehsal olunmuş sənaye məhsulunun 70 faizi qeyri-dövlət müəssisələrinin payına düşür. Həmin müəssisələrdə çalışan işçilərin orta aylıq əməkhaqqı 384 manat təşkil edib. Hesabat dövründə ümumilikdə rayon üzrə 3527 yeni iş yeri yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Xırdalandakı Heydər Əliyev Mərkəzində rayonun 2016–cı ildə sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağında məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirib ki, 2016-cı il ərzində Abşeronda 197 milyon manatlıq tikinti-quraşdırma işləri görülüb, rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 141 milyon manat investisiya yönəldilib. Rayonun şəhər, qəsəbə və kəndlərində ümumilikdə 135 küçə daxili imkanlar hesabına əsaslı təmir olunub. Bakı-Quba və Bakı-Şamaxı magistral avtomobil yollarının Abşeron rayonu ərazisindən keçən hissələrində 4 yerdə yerüstü piyada keçidinin quraşdırılması işlərinə başlanılıb. Bunlardan biri artıq istifadəyə verilib, digər 3 keçidin inşası isə davam etdirilir. Eyni zamanda, yaxın günlərdə Mehdiabad-Fatmayı-Görədil, Mehdiabad-Digah-Məmmədli avtomobil yollarının təmiri işlərinə başlanılacaq.
2016-cı il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonun inzibati və təhkim olunmuş ərazilərində fəaliyyət göstərən sahibkarlara 49 investisiya layihəsi üçün 25 milyon 510 min manat məbləğində güzəştli kredit verilib. Yaradılacaq müəssisələrdə 1449 yeni iş yerinin açılması nəzərdə tutulur.
2016-cı ildə rayonda heyvandarlıq və bitkiçilik məhsulları istehsalının həcmi xeyli artıb. Ölkə başçısının tapşırığına uyğun olaraq ötən il 195 hektar sahədə zeytun əkilib, hazırda Aşağı Güzdək ərazisində əlavə 330 hektar sahədə zeytun əkilməsi ilə bağlı işlər sürətlə davam etdirilir. Hesabat dövründə 44 min ton tərəvəz toplanıb ki, bunun da 41 min tonu istixanaların payına düşür. Rayonun qəsəbə və kəndlərində əhali və fermer təsərrüfatlarında qaramalın, davarın, quşların sayı xeyli artıb, 2326 ton ət, 47388 ton süd, 2857 sentner yun istehsal olunub.
İcra başçısı rayonda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, yeni iş yerlərinin yaradılması, yarımçıq qalmış sosial obyektlərin tikintilərinin başa çatdırılması, çoxmənzilli yaşayış binalarının təmir olunması və onların istiliklə təchizatı, yol infrastrukturunun yaxşılaşdırılması, əhalinin elektrik enerjisi, içməli su, xüsusilə kanalizasiya problemlərinin həlli, rayon ərazisində yaşıllıqların qorunub saxlanılması və yol kənarı boyunca artırılması və digər məsələlərlə bağlı tapşırıqlar verib.
Məruzə ətrafı çıxışlarda rayonun idarə, müəssisə, təşkilat rəhbərləri görülmüş işlər haqqında məlumat verib, təkliflər səsləndiriblər.
Hesabat yığıncağında Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul əməkdaşı Dəyanət Abdullayev iştirak edib.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.