REGİONLAR


Abşeron rayonunda 51 hektar zeytun, 80 hektar badam bağı salınıb VİDEO

Xırdalan, 21 iyul, Ətrabə Rzayeva, AZƏRTAC 

Xırdalandakı Heydər Əliyev Mərkəzinin konfrans zalında Abşeron Rayon İcra Hakimiyyətinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, yığıncaqda icra hakimiyyəti başçısının müavini İlham Quliyevin 2017-ci ilin birinci yarısının rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı məruzəsi dinlənilib. Bildirilib ki, Abşeron rayonu 2017-ci il də daxil olmaqla, artıq 8 ildir dotasiya almadan yerli gəlirlər hesabına büdcənin formalaşdırılmasını təmin edir. Hesabat dövründə rayonda abadlıq-quruculuq, əhalinin elektrik enerjisi, içməli su, təbii qazla təchizatı, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilib.

Məruzədə qeyd edilib ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq və Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına Mehdiabad-Digah-Məmmədli, Mehdiabad-Novxanı və Lökbatan-Qobu yollarının əsaslı şəkildə yenidən qurulması başa çatmaq üzrədir. Bakı-Quba və Bakı-Şamaxı magistral avtomobil yollarının Abşeron rayonundan keçən hissəsində isə 5 yerüstü keçid tikilməkdədir.

Prezidentin tapşırığına uyğun olaraq, çoxmənzilli yaşayış binalarının təmiri ilə bağlı Ceyranbatan qəsəbəsi ərazisində əsaslı təmirə ehtiyacı olan 12 çoxmənzilli yaşayış binası müəyyənləşdirilib. Artıq onlardan 7 beşmərtəbəli yaşayış binasında təmir işləri başa çatdırılıb, digər 5 binanın təmiri isə davam etdirilir. Əhalinin sabit elektrik enerjisi ilə təminatı ilə bağlı yaşayış məntəqələrində 14 yeni transformator quraşdırılıb, Qobu qəsəbəsində 110 kv-luq, Xırdalan şəhəri və Masazır kəndində isə 35 kv-luq yarımstansiyaların tikintisi, şəhər ərazisində 3 yarımstansiyanı birləşdirəcək dairəvi 35 kilovoltluq xəttin çəkilişi işləri başa çatdırılıb, Xırdalan şəhərində əlavə olaraq 1 yeni 35 kv-luq yarımstansiyanın tikintisinə başlanılıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Novxanı kəndində başlanılmış və uzunluğu 13,2 kilometr olan içməli su və 6,6 kilometr uzunluğunda magistral kanalizasiya xəttinin çəkilişində son tamamlama işləri görülməkdədir.

Bildirilib ki, hesabat dövründə rayon ərazisində 2735 yeni iş yaradılıb. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda fəaliyyət göstərən sahibkarlara 5 milyon manat güzəştli kredit verilib. Rayon sahibkarları ixracyönümlü məhsul istehsalına diqqəti artırıb, 34 şirkət tərəfindən istehsal olunan 298 adda məhsulun xarici bazarlara çıxarılması üçün “Azexport.az” saytında müvafiq məlumatlar yerləşdirilib.

Bu müddətdə 664 hektar sahədə tərəvəz əkilib. Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq, rayonun kənd təsərrüfatı torpaqlarında zeytun və badam bağlarının sahələrinin genişləndirilməsi istiqamətində işlərə başlanılıb. Hazırda Aşağı Güzdək ərazisində 330 hektar sahədə zeytun əkilməsi ilə bağlı işlər sürətlə davam etdirilir. Artıq 51 hektar ərazidə 21 min ədəd zeytun tingi əkilib. Eyni zamanda, keçmiş 3 saylı zeytun sovxozunun ərazisində yeni badam bağlarının salınması məqsədilə 210 hektar torpaq ayrılıb və indiyədək 80 hektar bağ salınıb.

Yığıncaqda təhsil, səhiyyə, sənaye sahələrindəki vəziyyət də ətraflı təhlil edilib. Çıxışlarda qazanılmış uğurlardan, həyata keçirilən layihələrdən ətraflı söhbət açılıb, işdə yol verilən nöqsanlar təhlil edilib, mövcud problemlərlə bağlı təkliflər səsləndirilib.

İclasa yekun vuran icra hakimiyyətinin başçısı İradə Gülməmmədova rayonun kənd və qəsəbələrində yaşayan sakinlərlə səyyar-qəbulların keçirildiyini, əhalinin qarşılaşdığı problemlərlə yerlərdə maraqlanıldığını və həlli istiqamətində addımların atıldığını qeyd edib. Kənd və qəsəbələrdə sakinlərin əsasən su, işıq və kanalizasiya ilə bağlı problemlərinin olduğunu qeyd edən icra hakimiyyətinin başçısı bu istiqamətdə lazımi göstəriş və tapşırıqları verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.