REGİONLAR
Abşeron rayonunda Novruz bayramı qeyd olunub
Xırdalan, 21 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Novruz bayramı münasibətilə Xırdalanda yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ümumrayon şənliyi keçirilib. Parkda düzənlənən tədbirə minlərlə rayon sakini, eləcə də şəhərin qonaqları qatılıb. Novruz atributları və rəmzləri ilə bəzədilmiş park hər kəsə bayram əhval-ruhiyyəsi bəxş edib. İlk dəfə 826 sakin bayram şənliyinə milli geyimdə qatılıb.
AZƏRTAC xəbər verir ki, Novruz şənliyi qədim adət-ənənələrimizə uyğun Dədə Qorqudun müdrik kəlamları, alqış və xeyir-duası ilə başlayıb. Bahar qızı, Kosa və Keçəlin iştirakı ilə keçirilən bayram tədbirində Novruz tonqalı qalanıb. Milli geyimli qızlar və oğlanlar tonqalın ətrafında dövrə vuraraq yallı gediblər.
Başdan-başa bayram libasına bürünmüş parkda xalq sənətkarlarının əl işləri, rəssamların tabloları, Novruzla bağlı mərasimlər nümayiş olunub, aşıqların ifasında qədim folklor nümunələri dinlənilib, məktəblilər şeirlər oxuyub, gənc pəhləvanlar qüvvələrini sınayıblar. Tədbir iştirakçıları kəndirbazların və sirk ustalarının çıxışlarına da tamaşa ediblər. Bahar bayramının ənənəvi elementlərindən olan xoruz döyüşdürmək də yaddan çıxarılmayıb. Milli geyimli qızlar şənlik iştirakçılarını ənənəvi şirniyyata qonaq ediblər.
Bundan sonra Bahar qızı tədbir iştirakçılarını bayram konsertinə dəvət edib. Abşeron Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramında respublikanın tanınmış incəsənət ustalarının da ifaları dinlənilib.