REGİONLAR
Abşeron rayonunda ali məktəbə sənəd verən abituriyentlərin 69,2 faizi tələbə adını qazanıb
Xırdalan, 7 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində sentyabrın 7-də Abşeron rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Mərkəzin foyesində yerləşən büstü önünə tər güllər düzüb, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmirəliyev iştirak ediblər.
Bildirilib ki, rayon təhsil işçilərinin qazandığı uğurlar Azərbaycanda təhsilin və elmin inkişafına dövlət qayğısının göstəricisidir. Bu sahələrin tərəqqisi isə, öz növbəsində, ölkəmizin sürətli inkişafına töhfə verir. Azərbaycan dövlətinin reallaşdırdığı siyasətin əsasında duran prioritetlərdən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir. Bu baxımdan təhsil sahəsinə qoyulan investisiyalar mühüm əhəmiyyət kəsb edir.
Qeyd olunub ki, bu il ali məktəblərə sənəd verən 1456 məzundan 1007 nəfəri (69,2 faizi) tələbə adını qazanıb. Onlardan 69-u 600-dən çox bal toplayıb. Xırdalan şəhər 5 saylı tam orta məktəbin məzunu Rəvan Nəzəraliyev isə ən yüksək nəticə göstərib (700 bal).
Çıxışlarda təhsilin yeni mərhələyə qədəm qoyması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi işində Heydər Əliyev Fondunun müstəsna xidmətləri də qeyd edilib. Bildirilib ki, Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb. Həmin proqram və layihələrin uğurlu olmasını şərtləndirən əsas amillərdən biri də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu məsələləri daim diqqətdə saxlamasıdır.
Vurğulanıb ki, son on ildə rayonda 12 məktəb binası və 18 uşaq bağçası, eləcə də əlavə təhsil korpusları tikilib, bəzi məktəb binaları əsaslı təmir olunub.
Konfransda yeni dərs ilində qarşıda duran məsələlər də müzakirə olunub.
Çıxış edən müəllimlər, valideynlər təhsilə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda builki qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərən tələbələrə və Abşeron rayonunun tarixində ilk dəfə Olimpiya Oyunlarının medalını qazanan - sərbəst güləş üzrə bürünc medalçı Hacı Əliyevə qiymətli hədiyyələr təqdim olunub.