REGİONLAR
Abşeron rayonunda aqrar sahədə çalışan sahibkarlara ötən il 377 min manatdan çox güzəştli kreditlər verilib
Bakı, 25 fevral, AZƏRTAC
Abşeron rayonu üzrə ötən il heyvandarlığın inkişafı üçün 219,4 min manat, istixanaların quraşdırılmasına 150 min manat, quşçuluğun inkişafına 8 min manat məbləğində güzəştli kreditlər verilib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2014-cü ildə rayon üzrə heyvandarlıq məhsullarının istehsalı xeyli artıb, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvan satılması işi davam etdirilib və mal-qara arasında süni mayalandırma tədbirləri genişləndirilib.
Belə ki, sahibkarlara lizinq yolu ilə 96 baş damazlıq heyvan satılıb və hazırda onların sayı 158 başa çatdırılıb. Rayonda fəaliyyət göstərən süni mayalama mütəxəssisləri tərəfindən 2579 baş inək və düyə süni mayalandırılıb, 2326 baş sağlam bala alınıb.