İQTİSADİYYAT
Abşeron rayonunda avtomobil yolunun bir hissəsi və iki küçə təmir olunub VİDEO
Bakı, 1 avqust, AZƏRTAC
"2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən "Azəravtoyol" ASC tərəfindən Abşeron rayonunun Hökməli-Qobu-Güzdək avtomobil yolunun bir hissəsi və Masazır qəsəbəsinin iki küçəsi əsaslı şəkildə təmir edilib.
"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Hökməli istiqamətindən start verilən təmir-tikinti işləri zamanı 11 kilometr uzunluğunda və 9,5 metr enində olan Hökməli-Qobu-Güzdək avtomobil yolunun 1,5 kilometrlik hissəsi əsaslı şəkildə təmir olunub. Sözügedən ərazidə aparılan əsaslı təmir işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb, yol əsasının yararsız torpaq qatı qazılaraq çıxarılıb, daha sonra karbonat materialı tökülərək yenidən kipləşdirilib. Bundan başqa qrunt sularının kənarlaşdırılması üçün ərazidə təqribən 1 kilometr uzunluğunda drenaj sistem yaradılıb. Yolun hərəkət hissəsi asfaltlanması üçün hazır vəziyyətə gətirilib və 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilıb. Ümumilikdə 15 min kvadratmetrə yaxın sahə asfaltlanıb.
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində Abşeron rayonunda aparılan kompleks tədbirlər çərçivəsində Masazır qəsəbəsinin bir-neçə küçəsində təmir işləri aparılıb. Təmir işləri ilkin olaraq qəsəbənin Heydər Əliyev və Zərifə Əliyeva küçələrində aparılıb. Müvafiq olaraq küçələrin uzunluqları 1200 və 1280 metrdir. Aparılan işlər çərçivəsində zəruri yerlərdə yol yatağı kipləşdirilib və asfalt-beton örtüyünün döşənməsi üçün yolun hərəkət hissəsi hazır vəziyyətə gətirilib. Daha sonra Heydər Əliyev küçəsinin 5 min 400 kvadratmetr, Zərifə Əliyeva küçəsinin isə 7 min 500 kvadratmetr sahəsinə yeni asfalt-beton örtüyü döşənib.
Bundan başqa, küçələrdə piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri olan yerlərdə piyada səkilərinin tikintisi işləri də aparılıb. Səkilər 1-1,5 metr enində tikilib, kənarlarına səki daşları düzülərək asfaltlanıb. Bütün işlər yüksək keyfiyyətlə və tərtib edilən qrafikə uyğun texnoloji ardıcıllığa riayət olunmaqla aparılıb.