REGİONLAR
Abşeron rayonunda çini və saxsıdan keramik hədiyyələr istehsal edən müəssisə istifadəyə verilib
Xırdalan, 10 fevral, AZƏRTAC
Fevralın 9-da Azərbaycanda ilk dəfə olaraq Abşeron rayonunda “Nargis Porcelain” şirkətinə məxsus çini və saxsıdan keramik hədiyyə istehsal edən müəssisə istifadəyə verilib. Xırdalan şəhərində keçirilən açılış mərasimində Abşeron rayonunun rəhbərliyi, İqtisadiyyat Nazirliyinin nümayəndələri, mətbuat işçiləri və digər qonaqlar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, hazırda müəssisədə yüksəkixtisaslı 15 yerli mütəxəssis çalışır. Gələcəkdə işçilərin sayının 50-yə çatdırılması planlaşdırılır.
Açılış mərasimində müəssisə haqqında məlumat verilərək bildirilib ki, keramika, xüsusilə dulusçuluq ən qədim sənət növlərindən biri olub və hazırda da Azərbaycanda yaşadılmaqdadır. Bununla belə, elm və texnikanın inkişafı, keramika sahəsində yeni texnoloji nailiyyətlərin əldə olunması bu sənətin daha ciddi əsaslarla inkişaf etdirilməsinin zəruriliyini göstərir.
Vurğulanıb ki, respublikada biznes mühitinin sağlamlaşdırılması istiqamətində ciddi addımlar atılır, kiçik və orta sahibkarlığın inkişafı məqsədilə qanunvericilik bazası təkmilləşdirilir. Müəssisə rəhbərliyi də yaradılmış bu imkandan istifadə edərək, ölkədə yeni iş yerlərinin yaradılmasına öz töhfəsini vermək istəyir.
Türkiyənin tanınmış “Refsan” şirkəti ilə müqavilələr imzalanıb və lazımi avadanlıqlar alınıb, qısa müddətdə istehsal sahəsi yaradılıb, güclü mütəxəssis komandası formalaşdırılıb. Azərbaycanın ən güclü keramika rəssamlarının, heykəltəraş və texnoloqlarının cəlb olunması sayəsində qısa müddətdə böyük nailiyyətlər əldə edilib.
Qeyd olunub ki, gələcəkdə bu sahənin elmi əsaslarla, şüşə və mina örtükləri texnologiyasının tətbiqi ilə genişləndirilməsi nəzərdə tutulur.