REGİONLAR
Abşeron rayonunda doqquz ayın sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub VİDEO
Xırdalan, 15 oktyabr, AZƏRTAC
Abşeron rayonu artıq beş ildir ki, dotasiya almadan yerli gəlirlər hesabına büdcənın formalaşdırılmasını təmin edir. Ötən doqquz ayda rayon büdcəsinin yerli gəlirləri 24.630.928 manat proqnoza qarşı 24.822.087 manat və ya 101 faiz yerinə yetirilib. Nəticədə büdcəyə nəzərdə tutulduğundan 193.7 min manat əlavə vəsait daxil olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Abşeron rayonunda doqquz ayın sosial-iqtisadi inkişafının yekunlarının müzakirə olunduğu yığıncaqda məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirib ki, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət əhalinin rifah halının yaxşılaşdırılmasına yönəlib, bu istiqamətdə Abşeronda da bir sıra layihələr reallaşdırılıb. Hesabat dövründə Xırdalan şəhərində 20 çoxmənzilli yaşayış binası təmir edilib, əhalinin təbii qaz, içməli su, sabit elektrik enerjisi ilə təminatı diqqət mərkəzində saxlanılıb.
Elektrik enerjisi ilə təminat sahəsində görülən işləri diqqətə çatdıran məruzəçi qeyd edib ki, hesabat dövründə yaşayış məntəqələrində 41 yeni transformator quraşdırılıb. Hazırda Masazırda 35/10 kilovotluq yarımstansiyada son tamamlama işləri görülür, Xırdalan şəhərinin girişində 35/6 kilovoltluq, Qobu, Hökməli və At Yalı adlanan ərazini qidalandıracaq 110/35/10 kilovoltluq yarımstansiyada tikinti işləri aparılır.
Rayonun yaşayış məntəqələrində müxtəlif diametrli borularla 11730 poqonmetr yeni içməli su xətti çəkilib, 3496 su sayğacı quraşdırılıb, eləcə də 1100 poqonmetr kanalizasiya xətti yenilənib.
Ötən illərdə olduğu kimi, hesabat dövründə də rayonun şəhid, əlil və imkansız ailələrinə diqqət artırılıb, Məhəmmədi kəndində şəhid ailəsi fərdi evlə təmin edilib.
Məruzədə bildirilib ki, Masazır kəndində Heydər Əliyev Fondunun dəstəyi ilə 800 şagird yerlik tam orta məktəbin binası tikilib, inventar və avadanlıqlarla təchiz edilib. Oktyabrın 6-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə məktəb binasının açılış mərasimi olub. Həmçinin dövlət vəsaiti hesabına Hökməli qəsəbəsində uşaq bağçası-körpələr evi tikilib istifadəyə verilib.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonun inzibati və təhkim olunmuş ərazilərində fəaliyyət göstərən sahibkarlara 38 investisiya layihəsi üçün 24 milyon 289 min manat güzəştli kredit verilib. Kreditin böyük əksəriyyəti istixana komplekslərinin tikintisi üçün ayrılıb və bu komplekslər istifadəyə verildikdən sonra 1381 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda rayonda 4 yeni istixana tikilir.
Yığıncaqda çıxış edən rayon təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri ölkədə və rayonda aparılan işləri müsbət qiymətləndirib, qarşıda duran vəzifələrin həlli ilə bağlı təkliflər irəli sürüblər.