REGİONLAR
Abşeron rayonunda iki min şagird yerlik məktəb binasının tikintisi yekunlaşır
Xırdalan, 30 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunun Masazır qəsəbəsindəki “Qurtuluş-93” yaşayış massivində iki min yerlik üçmərtəbəli məktəb binasında tikinti işləri yekunlaşmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, məktəb binasının yeni dərs ilində istifadəyə verilməsi nəzərdə tutulur.
Tikintisinə 6 ay əvvəl başlanmış bina 90 sinif otağından ibarətdir. Burada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq. Tikinti sahəsi 5 min kvadratmetr olan təhsil ocağı istilik sistemi ilə təchiz ediləcək, burada sinif fənn kabinetləri, kimya-biologiya laboratoriyaları, yeməkxana, idman zalı və kompüter otaqları fəaliyyət göstərəcək. Məktəb binasının inşası “Bağçalı Evlər” MTK tərəfindən həyata keçirilir.
Hazırda rayonun bir sıra ümumtəhsil məktəblərində əsaslı təmir və yenidənqurma işləri aparılır, ehtiyac olan məktəblər üçün yeni sinif otaqları, tədris korpusları, idman və akt zalları, yeməkxanalar inşa olunur. Məktəblər lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin əraziləri abadlaşdırılır.
Abşeron rayonunda ümumilikdə 39 tam orta məktəb və bir idman məktəbi var. Son 10 ildə burada 20-yə yaxın yeni məktəb binası tikilərək istifadəyə verilib.