REGİONLAR


Abşeron rayonunda müasir istixana kompleksləri yaradılır VİDEO

Xırdalan, 3 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Azərbaycan iqtisadiyyatının prioritet sahələrindən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır, bu sahədə stimullaşdırıcı tədbirlər həyata keçirilir. Abşeron rayonunun kənd və qəsəbələrində də sahibkarlığın inkişaf etdirilməsi üçün münbit şərait yaradılıb.

Rayonun kənd təsərrüfatının əsasını südlük-ətlik maldarlıq, quşçuluq, tərəvəzçilik, bostançılıq, üzümçülük, gülçülük və quru subtropik meyvəçilik təşkil edir. Əlverişli iqlim şəraiti zeytun, zəfəran, püstə, badam, əncir, ağ və qara şanı üzüm sortlarının, qarpız və digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə imkan verir. Dövlətimizin başçısının kənd təsərrüfatının inkişafını daim diqqət mərkəzində saxlaması, bu sahə ilə bağlı verdiyi tapşırıq və tövsiyələr Abşeron rayonunda da aqrar sahəyə olan marağı artırıb.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətində xüsusi komissiya yaradılıb, istixanaların genişləndirilməsi, zeytunçuluq və heyvandarlıq təsərrüfatının daha da inkişaf etdirilməsi əsas hədəf kimi qarşıya qoyulub.

Bu gün kənd təsərrüfatının inkişafını şərtləndirən amillər aqrar sahədə müasir texnologiyanın tətbiqidir. Azərbaycanda da xarici ölkələrin təcrübəsindən yararlanaraq təsərrüfatlarını bu cür quranların sayı artmaqdadır.

Rayonun kəndlərində iri sahibkarlara məxsus 63 istixana var. İstixanalar əsasən rayonun Məhəmmədi kəndində fəaliyyət göstərir. Bu komplekslər Hollandiya, İtaliya və Türkiyənin texnologiyaları əsasında qurulub, tam avtomatlaşdırılmış iqlim kontrol sistemləri, istilik-mühafizə pərdələri, havalandırma və suvarma sistemləri ilə təchiz edilib.

Bununla bərabər, hazırda Abşeron ərazisində 60 hektar sahədə 4 istixana da tikilir. İstixanalardan birində son tamamlanma işləri aparılır, burada triaton sort pomidor əkilməsi nəzərdə tutulub. Digər üçündə isə ərazinin hamarlanıb düzlənməsi işləri gedir. Hüquqi şəxs tərəfindən 49 il müddətinə müqavilə əsasında icarəyə götürülən, 10 hektar sahəni əhatə edən və tikilməkdə olan istixanada isə gül əkini nəzərdə tutulub. İstixana istifadəyə verildikdən sonra Azərbaycana xaricdən gül gətirməyə ehtiyacı qalmayacaq və gül idxalından asılılıq azalacaq. Bu istixanaların istifadəyə verilməsi ilə rayonun kəndlərində yeni iş yerləri də açılacaq.

Rayon ərazisində fəaliyyət göstərən istixanalarda müasir texnologiyaların tətbiqi nəticəsində istehsal prosesində enerji xərclərinə qənaət edilir ki, bu da yetişdirilən tərəvəz məhsullarının maya dəyərinin aşağı olmasına və xarici bazara rəqabətədavamlı məhsul çıxarılmasına imkan verir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.