REGİONLAR
Abşeron rayonunda yeni uşaq bağçası istifadəyə verilib
Xırdalan, 19 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Təhsil sahəsində qazanılan uğurlar məktəbəqədər təhsildən başlayır. Ona görə də ölkəmizdə məktəbəqədər təhsilin maddi-texniki bazasının gücləndirilməsi diqqət mərkəzindədir. Son 10 ildə Abşeron rayonunda 20-yə yaxın uşaq bağçası-körpələr evi tikilib.
AZƏRTAC xəbər verir ki, Xırdalan şəhərində daha bir uşaq bağçası istifadəyə verilib. Dövlət Proqramı çərçivəsində tikilən bağçada 120 uşağın təlim-tərbiyəsi üçün lazımi şərait yaradılıb.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bağçanın açılış mərasimində çıxış edərək yeni nəslin layiqli vətəndaş kimi formalaşmasının dövlət siyasətinin başlıca prinsiplərindən biri olduğunu, rayonda həyata keçirilən sosial layihələr sırasında da yeni məktəb və uşaq bağçalarının inşasının əsas yer tutduğunu bildirib. İ.Gülməmmədova bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramının əhəmiyyətini yüksək qiymətləndirib.
Rayon sakinləri və valideynlər balaca fidanlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonra uşaq bağçası ilə tanışlıq olub. Bağçada təhsilin ilkin mərhələsi ilə yanaşı, rus və ingilis dilləri, rəqs və musiqi də öyrədiləcək. Uşaqların yaşlarına müvafiq olaraq 6 qrupun yaradıldığı bağça yataq dəstləri, oyuncaqlar və dərs ləvazimatları ilə təmin olunub.
Tanışlıq zamanı balacalar qonaqları şeir və rəqsləri ilə salamlayıblar.