CƏMİYYƏT
Abşeron rayonunun Saray qəsəbəsində evdə baş verən yanğın söndürülüb
Xırdalan, 25 noyabr, AZƏRTAC
Noyabrın 25-də gecə Abşeron rayonunun Saray qəsəbəsində, Mikayıl Müşfiq küçəsində yerləşən evdə yanğın hadisəsi qeydə alınıb. Evin tavanında baş verən yanğın daha sonra dam örtüyünə keçib.
Abşeron Rayon Polis Şöbəsindən AZƏRTAC–a bildiriblər ki, yanğın güclü olduğundan əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin dörd yanğınsöndürən maşını cəlb edilib. Alovun mənzilin digər otaqlarına keçməsinin qarşısı alınıb. Yanğın zaman ölən və xəsarət alan olmayıb.
Qonşular yanğınsöndürmə briqadasından əvvəl alovun qarşısını almağa çalışıblar. Yanğının baş verməsinin səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.