REGİONLAR


Abşeron rayonunun bir sıra yaşayış massivlərində yağış-kanalizasiya sistemi quraşdırılıb  VİDEO

Sumqayıt, 23 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron rayonunun Məmmədli kəndində yağış və qrunt sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədi ilə görülən işlər yekunlaşmaq üzrədir. Bu işlər 2017-2018-ci illər payız-qış mövsümündə yağış sularının fəsadlarına qarşı hazırlıq məqsədilə hazırlanan tədbirlər planına uyğun görülür.

AZƏRTAC xəbər verir ki, ötən ilin sentyabr və oktyabr aylarında yağan yağışlar yağıntı normasından çox olduğundan respublikanın bir çox yerlərində olduğu kimi, Abşeron rayonunun bir sıra kənd və qəsəbələrində yeni yaşayış massivlərində, göl ətrafında yaşayan sakinlərin evlərində ciddi fəsadlar törədib. Məmmədli kəndində də yeni yaşayış massivində, “Gölətrafı” deyilən ərazidə yaşayan sakinlər qış aylarında yağan yağışlar zamanı gölün səviyyəsinin artmasından əziyyət çəkirdilər. Qış aylarında intensiv yağışın yağması və qrunt suları nəticəsində göldə suyun səviyyəsinin qalxması ətraf ərazidə yaşayan sakinləri narahat edirdi. Hazırda gölün qurudulması istiqamətində mühüm işlər görülür. Gələcəkdə qurudulan gölün yerində yeni park salınacaq.

Qeyd edək ki, sözügedən ərazidə səth sularının normal şəkildə kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi olmadığı üçün yağış yağarkən gölə yaxın yaşayan sakinlərin evlərinə zərər verirdi, nəqliyyat vasitələrinin hərəkətinə mane olurdu, həm də kəndin daxilindən keçən magistral yolun asfalt örtüyünün yuyulmasına səbəb olurdu. Yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin 2016-cı il 11 noyabr tarixli Sərəncamına əsasən, respublikamızın digər ərazilərində olduğu kimi Məmmədli kəndində də səth sularının normal şəkildə kənarlaşdırılması üçün yağış-kanalizasiya sisteminin qurulması və yeni yaşayış massivindəki gölün qurudulması işləri artıq yekunlaşmaq üzrədir.

Rayon icra hakimiyyətindən bildirilib ki, ərazidə abadlıq, quruculuq, vətəndaşların sosial problemlərinin həlli istiqamətində işlər davam etdirilir. Abşeron rayonu Məmmədli kəndi ərazisində mövcud olan gölün qrunt, yağış suları ilə əlaqədar daşması nəticəsində ətrafda olan 500 dən çox ev subasmaya məruz qalıb. Prezidentin tapşırığına uyğun olaraq qısa zamanda “Azərsu” ASC tərəfindən beton xəttin çəkilişinə başlanılıb və 856 metr xətdən artıq 700 metri tam hazırdır. Kəndin yeni yaşayış massivindəki gölün qurudulması və gölün suyunun normal şəkildə axıdılması üçün min millimetr diametrlik borudan istifadə olunur. Gələcəkdə kanalizasiya xətləri də bura qoşulacaq.

Qeyd edək ki, Xırdalan şəhərində, Masazırda Sarı Aşıq küçəsində, Saray qəsəbəsində yeni yaşayış massivindəki Cabir Novruz, Mübariz Ziyadov, Elşən Hüseynov, Qasım bəy Zakir küçələrində fərdi yaşayış evlərini yağış sularından qorumaq üçün yeni yağış- kanalizasiya sistemi quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.