ELM VƏ TƏHSİL
Abşeron rayonunun məktəbliləri Tbilisinin mərkəzindəki Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət ediblər
Tbilisi, 21 dekabr, AZƏRTAC
Gürcüstanda səfərdə olan Bakının Abşeron rayonunun Xırdalan Şəhər Musiqi Məktəbinin şagirdləri dekabrın 21-də Tbilisinin mərkəzindəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət ediblər.
Məktəblilər muzeyin fəaliyyəti, burada qorunan eksponatlar və tarixi-mədəniyyət inciləri ilə yaxından tanış olublar.
Muzeyin əməkdaşları şagirdlərə məlumat veriblər ki, dahi mütəfəkkir M.F.Axundzadənin inşa etdirdiyi və həyatının sonuna kimi yaşadığı bu ev 1982-ci ildən muzey kimi fəaliyyət göstərir. 2012-ci ildə böyük ədibin 200 illik yubileyi ərəfəsində muzey əsaslı təmir olunub. Bu gün muzeyin altı zalı var. Bu zallardan biri qədim və zəngin Azərbaycan mədəniyyətinə, ikincisi Azərbaycan və Gürcüstan dostluğuna həsr olunub. Zallardan birində musiqi otağı fəaliyyət göstərir və burada Azərbaycan musiqi alətləri vardır. Digər zallarda M.F.Axundzadənin həyat və yaradıcılığını, iş və qonaq otaqlarını əks etdirən eksponatlar saxlanılır.
Məktəblilərlə keçirilən görüşdə muzeyin direktoru Leyla Əliyeva bildirib ki, Azərbaycan ilə Gürcüstan arasında mədəni və dostluq əlaqələrinin inkişafı qarşıda duran əsas vəzifələrdəndir. Muzeyin rəhbərliyi tanışlıq və ölkələrimizin zəngin mədəniyyətinin təbliği məqsədilə Bakının müxtəlif məktəblərinin şagirdlərinin Tbilisiyə səfərlərinin təşkili ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib. Nazirlik təşəbbüsü müsbət qarşılayıb və bu səfərin təşkilinə dəstək verib.
L.Əliyeva muzeyin əməkdaşlarının daha bir neçə layihə üzərində çalışdıqlarını və bu layihələrin qədim və zəngin Azərbaycan mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Xırdalan Şəhər Musiqi Məktəbinin direktoru İkram Manafov deyib ki, bu cür səfərlər ölkələrimiz arasında dostluq münasibətlərinin və mədəni əlaqələrin inkişafında mühüm rol oynayır. Məktəblilər Gürcüstandakı həmyaşıdları ilə görüşlərdən, eləcə də qonşu ölkə ilə tanışlıqdan çox razıdırlar.
Çıxışlarda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində bu cür səfərin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə, Abşeron Rayon İcra Hakimiyyətinə minnətdarlıq ifadə olunub. Qeyd edilib ki, bu cür səfərlər gənc nəslin dünya görüşünün artması, dostluq münasibətlərinin inkişafı baxımından çox vacibdir.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət və humanitar məsələlər üzrə attaşesi Samirə Ağayeva iştirak edib.
Qeyd edək ki, səfər çərçivəsində məktəbin musiqi kollektivi dekabrın 20-də Marneuli rayonundakı musiqi məktəbində konsert proqramı ilə çıxış edib. Dekabrın 22-də isə kollektiv daha bir konsert proqramını Tbilisidəki 64 nömrəli məktəbdə təqdim edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi