İQTİSADİYYAT
“Abşeron” regional elektrik şəbəkəsi üzrə yenidənqurma işləri aparılır
Bakı, 2 noyabr, AZƏRTAC
“Abşeron” Regional Elektrik Şəbəkəsi (REŞ) Müəssisəsi üzrə yenidənqurma işləri aparılır.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə REŞ-in balansına aid olan yarımstansiyalarda təmir işləri yerinə yetirilib. Şəhərin mərkəzi hissəsinin enerji təchizatını həyata keçirən 220 kilovoltluq (kV) “Müşviq” və “Səngəçal”, “Xırdalan” yarımstansiyalarında, “Cənub”, “Müşviq” , “Səngəçal” hava xətlərində müxtəlif təyinatlı təmir işləri aparılıb. Bu dövrdə 110 kV-lik “Puta” və “Qala” yarımstansiyalarında 40 meqavat-amperlik transformatorlar əsaslı təmir edilib.
Analoji işlər 220 kilovoltluq “Nizami”, 110 kilovoltluq “Əhmədli”, “8-ci km” və digər yarımstansiyalar da aparılıb. Hazırda “Qala” hava xətlərinin (HX) “Binə” qəsəbəsində kabel xəttinə keçirilməsi ilə əlaqədar tikinti işləri, 1-ci “Zığ” HX-nin isə yenidənqurulması işləri davam etdirilir.